Baş kardioloq: "İcbari sığorta tətbiqindən sonra həkimin xəstədən asılılığı olmayacaq"

Baş kardioloq: "İcbari sığorta tətbiqindən sonra həkimin xəstədən asılılığı olmayacaq"
# 13 oktyabr 2016 14:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda icbari tibbi sığorta tətbiq olunduqdan sonra səhiyyə sistemi inkişaf etmiş ölkələrdən heç nə ilə fərqlənməyəcək. Sığortalı təbabətdə həkimin xəstədən asılılığı olmur və həkim-xəstə münasibətində puldan söhbət getmir. Ona görə də Azərbaycanda sığortalı təbabətin olmasını gözləyirik.”. Bunu APA-ya Azərbaycanın baş kardioloqu Faiq Quliyev deyib.

Onun sözlərinə görə, bu sahədə mövcud olan bəzi problemlər inkişafa mane olur və həkim-xəstə münasibətini pozur: “Bu problemlər aradan qaldırılmalıdır. Sığorta tətbiq olunandan sonra heç bir pul söhbəti olmayacaq. Xəstə biləcək ki, sığortası imkan verənə kimi yoxlanacaq, həkim də biləcək ki, nə qədər çox xəstəsi olarsa, bir o qədər əlavə faizlər qazanacaq. Nəticədə həkimlər də yaxşı işləməyə başlayacaq. Bu gün mövcud sahə üzrə əsas problemlərin aradan qaldırılmasında sığorta mühüm rol oynayacaq”.

Baş mütəxəssis qeyd edib ki, xəstənin uzun müddət müayinə və müalicəsi büdcəyə də ziyan edir: "Bəzən xəstəxanada yatan xəstənin vəziyyəti yaxşılaşsa da, onu xəstəxanadan çıxarmaq mümkün olmur. İzah etməyə çalışırsan ki, sağalmısan, digər xəstə bayırda qalıb, onun yerini tutmusan. Həmin anda vətəndaş Səhiyyə Nazirliyinin “Qaynar xətti”nə zəng vurur ki, həkim məndən pul istədiyinə görə çıxarmaq istəyir. Bunların hamısını yalnız sığorta ilə həll etmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR