Səlim Müslümov Rusiyanın Sosial Sığorta Fondunun nümayəndə heyəti ilə görüşüb

Səlim Müslümov Rusiyanın Sosial Sığorta Fondunun nümayəndə heyəti ilə görüşüb
# 24 noyabr 2016 08:31 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda səfərdə olan Rusiyanın Sosial Sığorta Fondunun nümayəndə heyəti ilə görüş olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, fondun sədr müavini Aleksey Polikaşinin başçılıq etdiyi nümayəndə heyəti bu qurumun departament rəhbərləri (Pavel Burov, Tatyana Lototskaya, Tamerlan Xamatxanov, Mixail Şulpin) və digər məsul şəxslərindən, habelə Rusiyanın bir sıra nüfuzlu KİV-lərinin əməkdaşlarından ibarət olub. Səfərdə məqsəd ölkəmizin əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış iş sistemlərinin öyrənilməsi olub. Bununla əlaqədar səfər çərçivəsində RSSF-nın nazirliyə rəsmi müraciəti nəzərə alınmaqla, fondun əməkdaşları üçün ölkəmizin əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış iş sistemlərinə dair seminar keçirilib.

S.Müslümov Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin daim inkişaf etdiyini, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin getdikcə daha da genişləndiyini bildirib. Nazir son illərdə elmi-texnoloji yeniliklərə istinad şəraitində əmək və sosial müdafiə sahələrində aparılan islahatlar barədə məlumat verib: “Artıq milli əmək və sosial müdafiə sisteminin geniş əhali kontingenti ilə təmasların mövcud olduğu bütün aktual sahələri avtomatlaşdırılmış infrastruktur üzərində fəaliyyət göstərir. Bu isə bir tərəfdən idarəetmənin müasirləşmiş formada səmərəli təşkilinə, digər tərəfdən vətəndaşların müvafiq xidmətlərdən məmurlarla ünsiyyət qurmadan, şəffaf və onlayn rejimdə rahat şəkildə faydalanmasına imkan verib. Cəmiyyətdə də bu xidmətlərdən elektron müstəvidə istifadəyə maraq böyükdür. Məsələn, bu ilin 9 ayında əhali Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən 4,5 mln. dəfəyə yaxın yararlanıb ki, bu da "E-hökumət" portalına müraciətlərin 37%-ni təşkil edib”

Ölkədə əmək və sosial müdafiə sahələri ilə bağlı geniş elektron xidmətlər şəbəkəsinin mövcud olduğunu bildirən S.Müslümov əmək müqavilələrinin elektron qeydiyyat sistemindən də bəhs edib. Həmin sistemin əmək bazarının dəqiq və əhatəli uçotunun aparılmasında, işçilərin əmək və sosial hüquqlarının təminatında və s. önəmini diqqətə çatdıran nazir 2014-cü ilin iyulundan istifadəyə verilən bu elektron qeydiyyat sistemindən cari ilin 01 oktyabr tarixinədək 6 mln. 31 min 600 dəfəyə qədər istifadə olunduğunu diqqətə çatdırıb: “İKT-nin geniş tətbiqi nəticəsində ölkədə beynəlxalq standartlara uyğun qurulan sığorta-pensiya sistemi sosial sığorta sahəsində münasibətlərin elektron şəkildə həyata keçirilməsinə tam imkan verir. Sosial sığorta ödənişlərinin onlayn rejimdə, yəni məmur-vətəndaş təmaslarına ehtiyac olmadan yerinə yetirilməsi üçün elektron xidmətlər əhalinin istifadəsindədir. Sığortaolunanların özlərinə pensiya kapitalı toplamalarının stimullaşdırılması üçün fərdi uçot sistemi fəaliyyət göstərməklə, onların öz hesablarına mütəmadi nəzarət edə bilmələri üçün də elektron xidmət mövcuddur. Digər tərəfdən, pensiyaçıların müvafiq xidmətlərdən elektron şəkildə yararlanmaq imkanları var. Məsələn, pensiya yaşına çatmış şəxs heç bir sənəd toplamadan nazirliyin “Çağrı mərkəzi”nə zəng vuraraq real vaxt rejimində pensiya təyinatı hüququnu dərhal reallaşdıra bilir”.

S.Müslümov bildirib ki, bütün bu yeni elektron sistemlər Azərbaycana məxsus olan, milli səviyyədə irəli sürülən təşəbbüslərin nəticəsi kimi formalaşan uğurlu innovativ təcrübələrdir: “Beynəlxalq səviyyədə bizim bu təcrübələrimiz yüksək dəyərləndirilir. Məsələn, qeyd etdiyim “Çağrı mərkəzi” vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı ilə bağlı təcrübəmiz cari ilin aprel ayında Avropa Regional Sosial Təminat Forumunda müstəqil komissiya tərəfindən xüsusi sertifikata layiq görülüb və Beynəlxalq Sosial Təminat Assosiasiyasının Müsbət Təcrübələr məlumat bankına daxil edilib. Bir neçə gün öncə isə həmin təşkilatın Panama şəhərində keçirilən Dünya Sosial Təminat Forumunda sosial təminat sahəsində apardığımız uğurlu islahatlar nəzərə alınmaqla Azərbaycan ikinci dəfə Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro üzvü seçilib”.

Nazir əmək və sosial müdafiə, habelə tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində İKT-nin tətbiqi ilə bağlı ölkəmizin malik olduğu qabaqcıl təcrübələrin artıq BMT tərəfindən dünyada təbliğ olunduğunu qeyd edib. O bildirib ki, bu məqsədlə BMT Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin avtomatlaşdırılmış sistemlərini özünün rəsmi portalında yerləşdirib: “Cari ilin sentyabr ayında ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədr müavini Olqa Qolodetsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı yekdil fikir ifadə olunub. Biz bu istiqamətdə, eləcə də əmək və sosial müdafiə sahəsində təcrübə mübadilələrinin aparılmasına xüsusi önəm veririk. Rusiyanın Sosial Sığorta Fondunun müraciətinə əsasən, Fondun əməkdaşları üçün əmək və sosial müdafiə sahəsində elektron texnologiyaların tətbiqi ilə bağlı təşkil etdiyimiz seminar da bu məqsədə yönəlib”.

A.Polikaşin ölkəmizdə əmək və sosial müdafiə sahələrində idarəetmə və xidmətlər sisteminin elektronlaşdırılması və şəffaflaşdırılması yönündə aparılan islahatları maraqla izlədiklərini diqqətə çatdırıb. O qeyd edib ki, hazırda RSSF-nın bir sıra fəaliyyət sahələrinin də avtomatlaşdırılması istiqamətində fəal işlər aparılır. A.Polikaşin bu sahədə Azərbaycanın uğurlu iş təcrübəsinin öyrənilməsinin fond üçün məqsədəuyğun olduğunu, onların müraciətinə uyğun olaraq bunun üçün lazımi şərait yaradıldığına, seminarın təşkilinə görə fondun rəhbərliyi adından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR