Azərbaycana gözün buynuz qişasının gətirilməsi ilə bağlı xüsusi prosedurun tətbiqi təklif olunub

Azərbaycana gözün buynuz qişasının gətirilməsi ilə bağlı xüsusi prosedurun tətbiqi təklif olunub
# 30 mart 2017 13:54 (UTC +04:00)

Bu gün Milli Məclisin Səhiyyə Komitəsinin iclasında Azərbaycana gözün buynuz qişasının gətirilməsi ilə bağlı xüsusi prosedur tətbiq edilməsi təklif edilib.

APA-nın məlumatına görə, iclasda çıxış edən Səhiyyə Nazirliyi Milli Oftalmologiya Mərkəzinin direktoru, respublikanın baş oftalmoloqu Elmar Qasımov deyib ki, Azərbaycanda gözün buynuz qişası ilə bağlı əməliyyat aparmaq üçün xarici klinikalarda təcrübə keçmiş 5 həkim var və həmin həkimlər Oftalmologiya Mərkəzində çalışır. E. Qasımov hazırda özəl klinikalarda belə əməliyyatların aparılmasını məqbul saymayıb: “Gözün buynuz qişasının məhz həmin həkimlərin adına gətirilməsinə icazə verilməsi yaxşı olardı. Həmin həkimlər yox, yəqin ki, onların adına xaricdən bu toxumaları bir təşkilat gətirəcək. Bu, dövlət vəsaiti hesabına alınacaq toxuma olacaq ”.

Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov isə qeyd edib ki, buynuz qişasının gətirilməsi pərakəndə ola bilməz: “Səhiyyə Nazirliyi buna nəzarət edəcək. Biz gözün buynuz qişasını kimin gətirməsi barədə qanun qəbul edə bilmərik. Digər tərəfdən, özəl klinikaların bu sahədə təcrübəsi olan həkimlər varsa, həmin həkimlərə də gözün buynuz qişası gətirilməsinə icazə verilə bilər. Bu məsələni parlament yox, qanunun qəbulundan sonra müvafiq icra hakimiyyəti orqanı, yəni Səhiyyə Nazirliyi tənzimləyəcək”.

Millət vəkili Qənirə Paşayeva ölkədə orqan transplantasiyası, meyitdən orqanların götürülməsi sahəsində problemlərə toxunub və bu problemlərin həlli üçün işçi qrup yaradılmasını təklif edib.

Səhiyyə Komitəsinin üzvü Musa Quliyev hazırda Azərbaycanda gözün buynuz qişası ilə bağlı 3 minə qədər xəstənin əməliyyat gözlədiyini nəzərə çatdırıb: “Özəl klinikalarda şərait olarsa, gələcəkdə onlar da bu əməliyyatı həyata keçirə bilərlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR