«Kapital Bank» da «GoldenPay» internet ödəniş sisteminə qoşulub

«Kapital Bank» da «GoldenPay» internet ödəniş sisteminə qoşulub
# 31 avqust 2010 08:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC «GoldenPay» internet ödəniş sisteminə qoşulub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın emissiya etdiyi plastik kartların sahibləri «Kapital Bank»ın veb-saytında (www.kapitalbank.az) «GoldenPay» internet ödəmə sisteminə qoşulmuş bütün kommunal xidmətlər, mobil operatorlar, kabel TV, internet provayder və stasionar telefon şəbəkəsi üzrə ödənişləri həyata keçirə bilərlər.

Bankdan bildirilib ki, hazırda müştərilər «Azerfon», «Bakcell», «Catel», «Aztelekom» və BTRİB rabitə operatorları, «BBTV» və «Connect TV» kabel televiziyası, «Bakıelektrikşəbəkə» və «Azəriqaz» kommunal xidmətləri, «AdaNet», «Connect», «AvirTel», «Bakinternet», «Provayder.az», «AzstarNet», «AzDatacom» internet provayderləri üzrə ödənişlər apara bilərlər.

Qeyd edək ki, «GoldenPay» sisteminə Azərbaycanın 50-dən çox şirkəti qoşulub. Sistem «Visa İnternational» və «MasterCard» beynəlxalq ödəniş sistemlərindən müvafiq lisenziyalara sahibdir.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 89 filialı, 326 bankomatı və 411 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR