Müasir İncəsənət Muzeyində “Bakıda rəqqas” adlı fotosərgisi açılıb

Müasir İncəsənət Muzeyində “Bakıda rəqqas” adlı fotosərgisi açılıb
# 10 iyun 2015 21:29 (UTC +04:00)

Bakı-APA. İyunun 10-da Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Roma mənşəli memar və fotoqraf Simon Geranın “Bakıda rəqqas” adlı fotosərgisi açılıb.

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, tədbirdə muzeyin direktoru Xəyyam Abdinov sərginin əhəmiyyətindən danışıb, burada nümayiş olunan fotoların bir hissəsinin Bakıda çəkildiyini bildirib.

Qeyd olunub ki, müəllifin məqsədi rəqsin bəşəri dili ilə “mükəmməl məkanın” arxitektura quruluşunu və əraziyə məxsus özəlliyi vəhdətdə göstərməkdir. Bütün fotolarda rəqqas gərgin iş prosesində çəkilib.

Tədbirdə çıxış edən müəllif fotolarını Bakı ilə yanaşı, Avropanın müxtəlif şəhərlərində - Madrid, London, Roma, Berlin, Paris və Sankt-Peterburqda çəkdiyini bildirib. O, sərgisində əsasən müxtəlif ölkə, şirkət və akademiya rəqqaslarının məşq və dərslər zamanı, səhnə arxasında, tarixi və memarlıq üslubda olan məkanlarda canlandırdıqları obrazların yer aldığını söyləyib.

Bildirilib ki, fotoqrafın “Bakıda rəqqas” sərgisi son altı ildə davam edən geniş fotolayihənin bir hissəsidir. Fotolayihə çərçivəsində fotoqrafın əsərləri Avropada və Avropadan kənarda nümayiş etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR