Bakıda IV Respublika Olimpiadasının mükafatlandırma mərasimi keçirilib

Bakıda IV Respublika Olimpiadasının mükafatlandırma mərasimi keçirilib
# 10 dekabr 2016 09:46 (UTC +04:00)

Bu gün Bakıda "İstedadların hazırlığı laboratoriyası" adlı layihə çərçivəsində IV Respublika Olimpiadasının final mərhələsinin mükafatlandırma mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbir "İstedadların hazırlığı laboratoriyası" layihəsi haqqında video-çarxın nümayişi ilə başlayıb.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Şöbəsinin müdiri İndira Hacıyeva bildirib ki, layihənin keçirilməsində məqsəd ölkənin riyazi və məntiqi düşüncəyə malik 14-16 yaşlı istedadlı gənclərini aşkar etmək onların inkişafını stimullaşdıran ardıcıl tədbirlər həyata keçirməkdir: "Azərbaycanın elmi-texniki inkişafına töhfə vermək niyyətindəyik. Burada seçim internet vasitəsilə həyata keçirilir. Layihədə hər dəfə iki mindən çox gənc iştirak edir. Final yarışında ən yaxşı nəticə göstərmiş 60-dan çox gənc yay və qış məktəblərinə dəvət alır. Bizim məqsədimiz ondan ibarətdir ki, istedadlı gənclərə dəstək olaq və onları beynəlxalq olimpiadaya hazırlayaq. İndiyədək 13 olimpiada keçirilib və bura səkkiz mindən çox gənc müraciət edib. Artıq 4-cü ildir ki, layihə həyata keçirilir. Olimpiadanın qaliblərinin 83 faizi universitetlərə qəbul zamanı 600-dən çox bal toplayıblar".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə çıxışında qeyd edib ki, məqsəd yeniyetmə və gənclərdə elmə münasibəti köklü surətdə dəyişməkdən ibarətdir: "Əslində bu günə qədər uğurla həyata keçirilən gənclər siyasəti ulu öndər Heydər Əliyevin gənclərə olan münasibətinin nəticəsidir. Bu gün artıq elə bir nəsil yetişib ki, Azərbaycanı nəinki ölkə daxilində, həm də beynəlxalq arenada yüksək səviyyədə təmsil etməyə qadirdirlər. Azərbaycanda bacarıqlı və istedadlı gənclərin ortaya çıxarılmasına dövlət tərəfindən hər zaman investisiya qoyulub".

Sonda olimpiadanın qalibləri mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR