Maliyyə Nazirliyi Azərbaycandakı kommersiya təşkilatlarına illik maliyyə hesabatlarının dərc olunması ilə bağlı müraciət edib

Maliyyə Nazirliyi Azərbaycandakı kommersiya təşkilatlarına illik maliyyə hesabatlarının dərc olunması ilə bağlı müraciət edib
# 14 may 2013 06:58 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi ölkədə birləşdirilmiş (konsolidə edilmiş) illik maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarına müraciət edib.

«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, «Mühasibat uçotu haqqında» qanunun 12.3-cü maddəsinə və Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli qərarı ilə təsdiq edilmiş «Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları»nın 5.1-ci bəndinə əsasən, konsolidə edilmiş maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərti ilə, illik maliyyə hesabatının və konsolidə edilmiş maliyyə hesabatlarının, qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və mətbu orqanda dərc edilməsi tələb olunur.

Həmin qaydaların 3.1-ci bəndinə uyğun olaraq, kommersiya təşkilatları konsolidə edilmiş maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, növbəti ilin iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidir.


Qaydaların 5.2-ci bəndinin tələblərinə uyğun olaraq, Vergilər Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə təqdim olunmuş məlumata əsasən, konsolidə edilmiş maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etdirməli olan kommersiya təşkilatlarının siyahısı müəyyən edilib.

İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsində mühasibat uçotu üzrə qanunvericiliyin, hesabat və məlumatların təqdim edilməsi qaydalarının pozulması ilə bağlı hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb olunması barədə müddəa təsbit olunub.

Qanunvericilik aktlarının tələblərini nəzərə alaraq, qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə 2012-ci il üzrə illik maliyyə hesabatları təşkilatın internet səhifəsində, habelə mətbu orqanda dərc etdirilməli və bu barədə Maliyyə Nazirliyinə məlumat verilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR