Folklor İnstitutu: Son illər Azərbaycanda dini məzmunlu nağıl və rəvayətlərin sayı artıb

Folklor İnstitutu: Son illər Azərbaycanda dini məzmunlu nağıl və rəvayətlərin sayı artıb
# 04 iyun 2014 08:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Son illər Azərbaycanda dini məzmunlu nağıllar və rəvayətlərin sayı artıb”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru Muxtar İmanov APA-ya açıqlamasında deyib ki, ölkənin müxtəlif ərazilərin yeni məzmunda və mövzuda folklor janrları yaranır. Onun sözlərinə görə, folklor nümunələrin aşkarlanması istiqamətində aparılan tədqiqatlar nəticəsində külli miqdarda dini məzmunlu nağıllar və rəvayətlər toplanılıb: “Məsələn, Qarabağda 300 nağıl toplanılıb ki, onların 50-nin beynəlxalq göstəricilərdə qarşılığı, başqa xalqlarla analoqu yoxdur. Onların da 30-u dini nağıllardır. Bu fakt göstərir ki, dini məzmunlu nağıl və rəvayətlər son dövrlərdə daha çox qeydə alınır. Bu da son toplama tədqiqatların nəticələri, göstəricilərindən biridir. Belə nağıl və rəvayətlər Şamaxı-Şirvan bölgəsindən, Naxçıvandan və əksər rayonlardan toplanılır”.

M.İmanov qeyd edib ki, ölkənin ayrı-ayrı bölgələrində yeni lətifə nümunələri yaranıb. Onun sözlərinə görə, Azərbaycanda son illərdə daha çox bayatı və lətifə janrında yeni folklor nümunələrinin yaranması müşahidə olunur: “Ayrı-ayrı regionlarda rəvayətlər, əfsanələrin, folklor nümunələrinin regional xüsusiyyətləri hökmən öyrənilməlidir. Bu istiqamətdə ciddi işlər aparılır və gələcəkdə də davam etdiriləcək. Bu gün Gəncə, Qərbi Azərbaycan və Şirvan zonalarında aşıq sənəti daha çox yayılıb. Qarabağ bölgəsində daha çox maraqlı nağıl, rəvayət və bayatılarla rastlaşdıq. Qarabağ bölgəsinin insanları bizə başqa bir həqiqəti də diktə etdilər. Belə ki, Qarabağ camaatı, qaçqın və məcburi köçkünlər özləri ölkənin müxtəlif ərazilərində məskunlaşsalar da, həmin yerlərdə indi də özlərinin yeni folklor nümunələri yaradırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR