ABŞ-da “Avrasiya enerji dəhlizi və enerji təhlükəsizliyi: Azərbaycanın strateji rolu” mövzusunda sessiya keçirilib

ABŞ-da “Avrasiya enerji dəhlizi və enerji təhlükəsizliyi: Azərbaycanın strateji rolu” mövzusunda sessiya keçirilib
# 01 may 2014 12:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Vaşinqtonda “ABŞ-Azərbaycan: gələcəyə baxış” forumu çərçivəsində “Avrasiya enerji dəhlizi və enerji təhlükəsizliyi: Azərbaycanın strateji rolu” mövzusunda sessiya keçirilib.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, sessiyada ABŞ Senatının üzvləri - Mark Beqiç, Mark Uorner, Çarlz Şumer, ABŞ dövlət katibinin enerji diplomatiyası məsələləri üzrə köməkçisinin müavini Amos Hokstayn, ARDNŞ-nin investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, Texas ştatından konqresmen Stiv Stokman və İndiana ştatından keçmiş konqresmen Den Berton çıxış ediblər.

E. Nəsirov çıxışında ABŞ-la Azərbaycanın strateji tərəfdaşlığından danışaraq bildirib ki, neft məhsulları istehsalçıları olan ölkələrimiz tarixin müəyyən mərhələsində rəqabət aparıblar: “Çünki onların hər biri ayrılıqda dünya bazarını neft həcminin yarısı ilə təchiz edirdi. Hazırda isə bu dövlətlər öz aralarında sıx əməkdaşlıq edirlər”.

Ç. Şumer çıxışında istər enerji əməkdaşlığı, istərsə də təhlükəsizlik sahələrində Azərbaycanın rolunu vurğulayıb: “Bu gün biz iki böyük demokratiya - Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 22-ci ildönümünü bayram edirik”.

D. Berton Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ARDNŞ-nin mühüm rolunu vurğulayıb. Sonra ABŞ dövlət katibinin enerji diplomatiyası məsələləri üzrə köməkçisinin müavini Amos Hokstayn çıxış edərək, ABŞ-ın milli təhlükəsizliyi üçün enerji təhlükəsizliyinin əhəmiyyətini qeyd edib. Prezident Barak Obama Administrasiyasının nümayəndəsi deyib ki, ABŞ bir-biri ilə bağlı elementlər olan Avropanın enerji və milli təhlükəsizliyinin təmin olunmasına tərəfdardır.

A. Hokstayn Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsinin uğurla həyata keçirilməsi barədə auditoriyaya məlumat verərək bildirib ki, 1990-cı illərin əvvəllərində bir çox tənqidçilər BTC layihəsinin reallaşmasına inanmırdılar. Lakin Azərbaycan ABŞ-ın dəstəyi ilə onu gerçəkləşdirib.

Sonda sıx tərəfdaşlıq münasibətlərinə görə Azərbaycana təşəkkür edən A. Hokstayn ABŞ ilə əməkdaşlığın davam etdiriləcəyinə əmin olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR