Azərbaycanda 100 mindən artıq uşağa aylıq sosial müavinət ödənilir

Azərbaycanda 100 mindən artıq uşağa aylıq sosial müavinət ödənilir
# 30 may 2014 07:46 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günüdür. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ailə başçısını itirmiş 39 342 nəfər uşağa və 63 094 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa aylıq sosial müavinət ödənilir. Bu barədə “APA-Economics”ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Həmçinin respublikada ünvanlı dövlət sosial yardımı alan ailələrin 38 287-i tərkibində 3 və daha çox uşağı olan ailələrdir. Ünvanlı yardım alan ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı isə 285 872 nəfərdir. Müvafiq qanunvericiliyə əsasən, ünvanlı yardım təyin olunmuş ailələrdə 1 yaşadək uşaqların hər birinə görə ailəyə əlavə olaraq ayda 45 manat müavinət də verilir.

Beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə bu il yanvarın 1-dən ayda 30 manat müavinətin ödənilməsinə başlanılıb. Bu ilin 1 may tarixinə beşdən çox uşağı olan qadınların uşaqlarının ümumi sayı 5300 nəfərdən çoxdur. Sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı Şağan 3 saylı və Saray 7 saylı internat evləri Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub. Müasir tələblərə uyğun şəraitin yaradıldığı bu müəssisələr uşaqların lazımi tibbi və reabilitasiya xidmətləri ilə təmin olunması üçün tam təchiz edilib. Hazırda ƏƏSMN-nin tabeliyində olmaqla Bakı və Naxçıvan şəhərlərində sağlamlıq imkanları məhdud uşaqlar üçün Uşaq Bərpa Mərkəzləri fəaliyyət göstərir. Bununla bərabər, əlilliyi olan şəxslərlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların xaricdə bərpa-müalicəsinin təşkili, onların yaradıcılıq imkanlarının dəstəklənməsi istiqamətində ƏƏSMN tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.

ƏƏSMN-nin sifarişləri əsasında vətəndaş cəmiyyətləri tərəfindən 2 500 nəfərdən artıq uşağa və onların ailələrinə müxtəlif növ sosial xidmətlər göstərilir. Eyni zamanda, ƏƏSMN-nin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa olunur. Bu müəssisə çətin həyat şəraitində və risk qrupuna daxil olan uşaqları yaşayış şəraiti ilə təmin etməklə yanaşı, onların tibbi-psixoloji və sosial reabilitasiyası, uşaqlara nəzarətsizliyin profilaktikası və s. istiqamətlərdə müvafiq tədbirlər həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR