Son 3 ildə Naxçıvan məzunlarının qəbul imtahanında göstərdikləri nəticələr artıb

Son 3 ildə Naxçıvan məzunlarının qəbul imtahanında göstərdikləri nəticələr artıb
# 24 fevral 2014 13:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Naxçıvan şəhərində zona müşavirəsi keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müşavirədə TQDK Naxçıvan MR regional bölməsinin rəhbəri Sabir Məmmədov 2013/2014-cü tədris ili üçün tələbə qəbulunun və buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinə dair təqdimatla çıxış edib. Bildirilib ki, 2013-cü ildə ilk dəfə olaraq muxtar respublikada buraxılış imtahanları keçirilib. Muxtar respublikanın rayonlarının nəticələri təhlil edilərkən 4 rayonun məzunlarının buraxılış imtahanlarında ana dili və riyaziyyat fənləri üzrə birlikdə topladıqları orta balın respublika üzrə orta göstəricidən yuxarı, digər 4 rayonun məzunlarının topladıqları orta balın isə aşağı olduğu müşahidə edilir. Belə ki, Şahbuz rayonu üzrə məzunların hər iki fənn üzrə topladıqları orta bal 35.66%, Naxçıvan şəhəri üzrə 35.56%, Culfa rayonu üzrə 32.74%, Ordubad rayonu üzrə 32.10%, Şərur rayonu üzrə 29%, Sədərək rayonu üzrə 28.87%, Kəngərli rayonu üzrə 28.66%, Babək rayonu üzrə 28.63% olub.

Ötən ildə muxtar respublika üzrə 15 məzun qızıl, 9 məzun isə gümüş medala layiq görülüb. Bu məzunlardan 14 nəfəri 650-700, 7 nəfəri 600-650, 3 nəfəri isə 550-600 intervalında bal toplayıb. Son 3 ildə muxtar respublikanın məzunlarından həm abituriyentlərin sayında, həm qəbul olanların faizində, həm də yüksək bal toplayaraq ali məktəblərə qəbul olanların faizində artım var. Belə ki, 2011-ci ildə ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında muxtar respublika məzunların 69.21%-i, 2012-ci ildə 72.24%-i, 2013-cü ildə isə 74.45%-i iştirak edib. 2011 – ci ildə abituriyentlərin 36.51%-i, 2012-ci ildə 43.43%-i, 2013-cü ildə isə 47.57%-i ali məktəblərə qəbul olub. Muxtar respublika üzrə 301 abituriyent 500-700 intervalında bal toplayıb. Bunlardan 31 nəfəri 650-700, 77 nəfəri 600-650, 193 nəfəri isə 500-600 intervalında bal toplayıb. 500-dən çox bal toplayan abituriyentlər muxtar respublika üzrə əvvəlki illərin məzunları ilə birlikdə qəbul imtahanlarında iştirak edən 5774 abituriyentin 5.21 %-ni təşkil edir. 500-700 intervalında bal toplayan abituriyentlər 111 məktəbi təmsil edir ki, bu da muxtar respublikada fəaliyyət göstərən 207 tam orta məktəblərin 53.62%-ni təşkil edir.

Ali təhsil müəssisələrinə qəbul olma faizinə görə ən yüksək nəticə göstərən 10 rayon içərisində muxtar respublikanın Ordubad, Şahbuz və Şərur rayonları da yer alıb. Ən aşağı nəticə göstərən 10 rayon içərisində muxtar respublikanın heç bir rayonu yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR