Nazirliyin şöbə müdiri: “Müəllimlər ucqar kəndlərdəki vakant yerləri seçdikdə orada 3 il çalışmalıdırlar”

Nazirliyin şöbə müdiri: “Müəllimlər ucqar kəndlərdəki vakant yerləri seçdikdə orada 3 il çalışmalıdırlar”
# 16 iyul 2013 14:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Bu il Azərbaycanda müəllimlərin işə qəbulu qaydaları dəyişdirilib. Bu dəyişikliyə əsasən müəllimlər ucqar kəndlərdəki vakant yerləri seçdikdə orada 3 il çalışmalıdırlar”. APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, artıq müəllimlər üçün müəyyən məhdudiyyətlər qoyulub: “Gənc mütəxəssisləri həvəsləndirmə tədbirləri tətbiq olunan ucqar kənd məktəbinə göndəririksə, o, həmin məktəbdə 3 il işləməyə məcburdur. 3 ildən sonra o, yerini dəyişmək barədə nazirliyə müraciət edə bilər”.

Şöbə müdiri qeyd edib ki, hər il həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərə işə qəbul olunan müəllimlərdən geri qayıdanlar da olur: “Bu imtina daha çox onların ailə vəziyyəti ilə bağlı olur. Əlbəttə, onlar daha yaxşı şərait axtarırlar və bu şəraiti tapmayanda müəyyən mənada onların ucqar kəndlərdə qalıb işləməsi problemə çevrilir. Əlbəttə, belə müraciətlərin sayı çox deyil. Biz istərdik ki, belə hallar olmasın”.

F. Qədirovun sözlərinə görə, ucqar kənd məktəbləri ölkə üçün vacib əhəmiyyətli təhsil müəssisələri olduğundan burada müəllimlərin həvəsləndirilməsi, onlar üçün uyğun əməkhaqqının müəyyənləşdirilməsi vacib şərtlərdəndir: “Son illər ucqar yerlərə gənc müəllimləri göndəririk. Mən deməzdim ki, kənd yerlərində gənc mütəxəssislər azdır. Düzdür, onlara əlavə ehtiyac var. Biz də bu ehtiyacı ödəməyə çalışırıq. Bu il də ölkə üzrə 2500-dən çox vakant yer yalnız gənc mütəxəssislər üçün nəzərdə tutulur və onlara həvəsləndirmə tədbirləri tətbiq olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR