Hindistanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub - FOTO

Hindistanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub - <span style="color: red;">FOTO
# 23 oktyabr 2013 08:56 (UTC +04:00)

Bakı – APA-Economics. Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar və səfirliyin birinci katibi T.R.Mina Bakı Ali Neft Məktəbində (BANM) olublar.

Məktəbdən “APA-Economics”ə verilən məlumata görə, BANM rektoru Elmar Qasımov Azərbaycanda prezident İlham Əliyev tərəfindən aparılan uğurlu neft strategiyasından bəhs edərək bildirib ki, Azərbaycan dünyada ilk neft çıxaran ölkədir, bu gün də neft-qaz və kimya sənayesi ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayır.

ARDNŞ-ın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi beynəlxalq layihələrdən söz açan E.Qasımov bildirib ki, BANM şirkətin strukturunda fəaliyyət göstərən ali məktəbdir və bu ali məktəbin əsas məqsədi ARDNŞ-da işləyə biləcək müasir standartlara cavab verən kadrların hazırlanmasıdır. Qonaqlara BANM-in yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və perspektivləri haqqında ətraflı məlumat verən E.Qasımov deyib ki, Avropa təhsil standartlarına uyğun tədris prosesinin qurulduğu ali məktəb ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulub ki, bunun nəticəsi olaraq BANM məzunlarına iki diplomun verilməsi nəzərdə tutulub. BANM-yə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun istifadəyə veriləcəyini bildirib.

BANM-yə dəvət edildiyi üçün minnətdarlığını bildirən Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar Azərbaycan və Hindistan arasındakı tarixi əlaqələrdən bəhs edərək qeyd edib ki, bu gün də Azərbaycan və Hindistan arasında ticari, iqtisadi, elmi və texnoloji sahələrdə əməkdaşlıq durmadan inkişaf edir. BANM-in fəaliyyətini yüksək qiymətləndirən səfir V.Kumar gələcəkdə bu ali məktəblə Hindistanda mühəndis hazırlığı istiqamətində fəaliyyət göstərən universitetlər arasında əlaqələrin yaradılması, təcrübə və tələbə mübadiləsi istiqamətində birgə əməkdaşlığın qurulması üçün gərəkən dəstəyi etməyə hazır olduğunu bildirib.

Görüşdən sonra qonaqlar BANM-də tədris prosesi ilə yaxından tanış olub və tələbələrlə fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR