Azad Rəhimov gürcüstanlı həmkarını qəbul edib

Azad Rəhimov gürcüstanlı həmkarını qəbul edib
# 13 may 2013 10:52 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Gürcüstanın idman və gənclərlə iş naziri Levan Kipiani ilə görüşüb. Nazirlikdən APA-ya verilən xəbərə görə, A. Rəhimov iki qonşu ölkə arasında həm bədən tərbiyəsi və idman, həm də gənclər sahəsində əməkdaşlığı gücləndirməyin əhəmiyyətini qeyd edib. O bildirib ki, sərhədyanı rayonlarda gənclərin iştirakı ilə birgə tədbirlərin təşkili ənənəsinin bərpası bu baxımdan daha faydalı ola bilər.

Qonağa “Univiziya” tələbə musiqi yarışması barədə məlumat verən nazir bu yarışın beynəlxalq status alacağını və hələlik 30-40 ölkədən təmsilçilərin iştirakının nəzərdə tutulduğunu söyləyib. Azərbaycanda idmanın maddi-texniki bazasının ilbəil genişləndiyini vurğulayan A. Rəhimov hazırda ölkədə 36 olimpiya idman kompleksinin istifadəyə verildiyini və bu prosesin davam etdiyini bildirib.

Səmimi qəbula və ölkəmizdə gördüyü qonaqpərvərliyə görə minnətdarlığını bildirən gürcü nazir Azərbaycanla əməkdaşlığın Gürcüstan üçün əhəmiyyətli olduğunu deyib. L. Kipiani bir çox idman növləri üzrə birgə təlim-məşqlərin, eləcə də birgə yarışların təşkilinin də əhəmiyyətli ola biləcəyini qeyd edib.

Səfərin əsas məqsədi iki ölkə arasında gənclərlə iş və idman sahələrində əməkdaşlıq haqqında mövcud sazişlərin müddəalarının həyata keçirilməsi sahəsində əlaqələrin indiki vəziyyətini, onların genişləndirilməsi və gücləndirilməsi perspektivini müzakirə etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR