Azərbaycan yığmasının qapıçısı “Xəzər Lənkəran”dan təklif alıb

 Azərbaycan yığmasının qapıçısı “Xəzər Lənkəran”dan təklif alıb
# 15 may 2015 08:50 (UTC +04:00)

Bakı – APA. Gələn mövsüm iddialı olmağı qarşısına məqsəd qoyan “Xəzər Lənkəran” transfer çalışmalarına artıq başlayıb. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar”ın hədəfində olan futbolçulardan biri də “İnter”in qapıçısı Səlahət Ağayevdi.

Paytaxt klubunda ciddi maliyyə problemi olduğundan, mövsümün sonunda əksər oyunçular komandanı tərk edəcək. “Bankirlər”lə vidalaşacağı gözlənilən futbolçulardan biri də məhz Səlahətdi.

Milli komandamızın qolkiperi özü də saytımıza açıqlamasında “Xəzər Lənkəran”dan təklif aldığını etiraf edib: “Nə gizlədim, “Xəzər Lənkəran”dan zəng vurub, məni komandaya dəvət ediblər. Amma “İnter”də vəziyyətin necə olacağını hələ bilmirəm. “Xəzər Lənkəran” rəhbərliyinə söz verdim ki, “İnter”də vəziyyət düzəlməsə, ilk olaraq onlarla görüşəcəm. Mövsümün sonuna artıq 3 tur qalıb. Bu oyunlardan sonra transfer məsələsinə baxacam”.

Qeyd edək ki, Səlahət Ağayev məhz “İnter”in yetirməsidi və 2008-ci ildən bu klubun formasını geyinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR