Əfqanıstan Azərbaycanın “ASAN Xidmət” modelini tətbiq edir

Əfqanıstan Azərbaycanın “ASAN Xidmət” modelini tətbiq edir
# 13 iyul 2016 09:08 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Əfqanıstan İslam Respublikasında səfərdədir.

“ASAN Xidmət”in informasiya təminatı şöbəsindən APA-ya verilən məlumata görə, iyulun 12-də Əfqanıstan prezidentinin sarayında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Anlaşma Memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Əfqanıstan Maliyyə Nazirliyi arasında imzalanıb. Memorandumun məqsədi Azərbaycanın “ASAN Xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi mexanizminin təsis edilməsidir.

İmzalanma mərasimində Əfqanıstanın nazirləri, millət vəkilləri və digər yüksək vəzifəli nümayəndələri iştirak ediblər. Mərasimdən sonra mətbuat konfransı keçirilib. Dövlət agentliyinin sədri İ. Kərimov “ASAN Xidmət”in fəaliyyətindən bəhs edib.

Əfqanıstanın maliyyə naziri E. Hakimi dövlət xidmətlərinin göstərilməsi sahəsində məhz Azərbaycan modelinin seçilməsi ilə bağlı məmnunluğunu ifadə edib və növbəti illərdə onun uğurla tətbiqinə əminliyini bildirib.

Qeyd edək ki, artıq Əfqanıstanda eyni adlı qurum təsis edilib (asan.gov.af).

Daha sonra Anlaşma Memorandumunu imzalayan tərəflər dövlət başçısının sarayında Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani tərəfindən qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR