Azərbaycanda bank kassa dövriyyəsi 39% artıb

Azərbaycanda bank kassa dövriyyəsi 39% artıb
# 22 oktyabr 2012 11:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2012-ci ilin yanvar-avqust aylarında 20,341 mlrd. manat, məxaric hissəsi isə 21,304 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxil hissəsi 2011-ci ilin yanvar-avqust aylarına nisbətən 38,9%, məxaric isə 35,6% artıb.

Beləliklə, yanvar-avqust aylarının nəticələrinə görə, bank kassa dövriyyəsində 963 mln. manatlıq mənfi saldo yaranıb və dövr ərzində 956 mln. manat həcmində pul emissiyası həyata keçirilib. Bu göstərici 2011-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 12% azalıb.

Bank kassa dövriyyəsinin mədaxilinin əsas hissəsi bankların hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmaların payına düşür. Belə ki, bu mənbədən bank kassalarına 12,451 mlrd. manat və ya ümumi mədaxilin 61,2%-i daxil olub. Digər iri mənbələr sırasında hüquqi şəxslərdən daxilolmaları (4,280 mlrd. manat və ya 21,0%) və fiziki şəxslərdən daxilolmaları (2,130 mlrd. manat və ya 10,5%) qeyd etmək olar.

Bank kassa dövriyyəsinin məxaric hissəsində hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlərin payına 7,948 mlrd. manat və ya 37,3%, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər üzrə ödənişlərin payına 6,792 mlrd. manat və ya 31,9%, bankomatlara pul qoyuluşunun payına 5,674 mlrd. manat və ya 26,6% düşür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR