Səfirlik: "İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdməyib və Nardaran hadisələrinin baş verməsində də heç bir rolu olmayıb"

Səfirlik: "İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdməyib və Nardaran hadisələrinin baş verməsində də heç bir rolu olmayıb"
# 01 dekabr 2015 10:33 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdməyib və Nardaran hadisələrinin baş verməsində də heç bir rolu olmayıb”. APA-nın məlumatına görə, bu barədə Nardaranda baş verən hadisələrlə bağlı İranın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir. Bəyanatda bildirilir ki, İran daim dost ölkələrdə sabitliyin və əmin-amanlığın bərqərar olunmasını istəyib və prinsipial bir siyasət olaraq problemlərin və ixtilafların zorakı yollarla həllinə qarşı olub. Təbiidir ki, İranın Azərbaycanın daxili işlərinə qarışması barədə Azərbaycanın rəsmi orqanları tərəfindən hər hansı bir sübut və dəlil təqdim olunduğu təqdirdə məsələ mütləq araşdırılacaq və biz əminik ki, bu barədə heç bir sənəd və dəlil yoxdur. İranın bütün ölkələrə, xüsusilə qonşulara və özəlliklə də Azərbaycana qarşı xarici siyasəti daim mehriban qonşuluq, konstruktiv əməkdaşlıq və daxili işlərə qarışmama prinsiplərinə əsaslanıb və bu siyasəti əməldə də icra edib. İran beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü hərtərəfli dəstəkləməsi və ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin günbəgün genişlənməsi ölkələrimizin, xüsusilə iki ölkənin möhtərəm prezidentlərinin əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi üçün iradələrinin göstəricisidir. Şübhəsiz İran ilə Azərbaycanın regionda yaxınlaşması və ikitərəfli əməkdaşlıqların inkişafı, özəlliklə iki ölkənin xalqları arasında yaxınlıq iki ölkənin başıucalılığını və hörmətini istəməyənlər üçün ciddi təhlükədir və bu qüvvələr müxtəlif vaxtlarda iki ölkə münasibətlərində uçurum yaratmaq üçün cari hadisələrdən istifadə edirlər. Aydındır ki, son hücumlar da İranı qaralamaq və iki ölkə münasibətlərinə zərər vurmaq məqsədilə edilir. Azərbaycanın bəzi media orqanları Həzrət Ayətullah Nuri Həmədaninin Azərbaycan xalqı ilə görüşündə bir-neçə nəfərin onun əlini öpməsi səhnələrini nümayiş etdirməklə həmin şəxslərin İranla əlaqəli olduğunu göstərməyə çalışırlar. Qeyd etmək lazımdır ki, din alimlərinə hörmət və ehtiram nümayiş etdirmək İslam dini yarananandan bəri adət olub və hətta Azərbaycan xalqı da müxtəlif zamanlarda Ayətullah Lənkərani, Ayətullah Ordubadi, Ayətullah Badkubeyi, Ayətullah Gəncəvi, Ayətullah Qubayi və sair böyük din alimləri və müctəhidləri ilə görüşdükdə onlara qarşı ehtiram göstərərək əllərini öpüblər. Ayətullah Nuri Həmədaninin Azərbaycana səfəri zamanı da bu ölkənin yüzlərlə ləyaqətli və imanlı şəxsi ona qarşı hörmət göstəriblər və əgər onun səfər müddəti daha çox olsaydı, bu rəqəm minlərlə nəfərə çatardı. Bu cür hörmət və ehtiram nümayiş etdirmək heç bir vəchlə onların başqa bir ölkəyə bağlı olması kimi hesab edilə bilməz. Ayətullah Nuri Həmədani Bakıda əhali ilə görüşərkən çıxış edib və bildirib ki, “şiənin qanı coşmalıdır, sizin qanınız isə Qarabağın azad olunması uğrunda coşmalıdır.” Belə bir sözü deyən şəxsə Azərbaycan xalqı ehtiram göstərməməlidirmi? Tehran-Bakı münasibətlərinə xələl gətirmək məqsədilə dini müqəddəslərə hörmətsizlik edənlər tənqid olunmamalıdırlarmı?”.

Bəyanatda qeyd edilir ki, bəzi media orqanları və xüsusi şəxslər, özəlliklə vəhabi muzdurları Nardaran hadisələrindən sui-istifadə etməklə şiəliyi təkfirçilikdə və ifratçılıqda ittiham etməyə və özlərinin təkfirçi və terrorçu fəaliyyətlərində cinayət ortağı yaratmağa çalışırlar: “Bu elə bir halda baş verir ki, tarixi faktlara əsasən əsl İslam, xüsusilə də şiəlik heç vaxt təkfirçilik düşüncəsinə malik olmayıb və bu din daim məntiqli, mötədil və fitri bir din olaraq tanınıb. Təkfirçi qrupları yetişdirib onları Suriyaya göndərənlərin özləri şiəliyi təkfirçi məzhəb adlandırmaqla bütün dünya şiələrini, xüsusilə də əziz Azərbaycan xalqını təhqir edirlər. Din xadimləri, xüsusilə də şiə alimləri bu kimi təbliğatlara qarşı ehtiyatlı olmalı və şiəliyi təkfirçiliklə eyniləşdirənlərə qarşı aydın və qəti mövqe sərgiləməlidirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR