Məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib

Məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
# 03 oktyabr 2016 15:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gündən Bakı şəhərindəki dövlət ümumitəhsil məktəblərində ödənişsiz əsaslarla məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb.

APA-nın xəbərinə görə, Bakı şəhərindəki 18 nömrəli tam orta məktəbdə bununla bağlı tədbir keçirilib. Bakı şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorunun müdiri Avaz Yusifov bildirib ki, qurumun tabeliyindəki 254 məktəbdə həftədə 4 gün fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq vərdişlərinin formalaşdırılmasıdır. Onun sözlərinə görə, hazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlanacaq və mayın 31 -də başa çatacaq: " Məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunublar. Bununla belə, valideynlərin çoxsaylı müraciətlərini nəzərə alaraq yaradılmış qrupların sayını artırmamaq şərtilə uşaq sayı norması imkan verdiyi halda 2010-cu ildə anadan olmuş, lakin məktəb yaşına çatmamış uşaqların da valideynin arzusuna görə, məktəbə hazırlıq qruplarına cəlbi yerli təhsil idarəetmə orqanlarına tövsiyə edilib".

Məlumat verilib ki, məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq", "Savad təliminə hazırlıq və nitq inkişafı", "Bədii təfəkkürün inkişafı", "Məntiqi və riyazi təfəkkürün inkişafı", "Təsviri fəaliyyət", "Musiqi" və "Fiziki mədəniyyət" dərsləri tədris ediləcək. Gün ərzində 3 məşğələ tədris olunacaq qruplarda məşğələnin müddəti 30 dəqiqə, fasilə 10 dəqiqədir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.

Məşğələləri aparmaq üçün təcrübəli müəllimlər seçilib və onlar üçün iki təlim kursu təşkil olunub. Təlimlərə 850 müəllim cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR