SKMF Şəki sahibkarlarına 780 min manatlıq güzəştli kredit verib

SKMF Şəki sahibkarlarına 780 min manatlıq güzəştli kredit verib
# 10 dekabr 2015 10:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumunu Şəki rayonunun Qoxmuq kəndində keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumatlar verilib, Şəkidə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

130-a yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şəki rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, cins heyvandarlıq, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının, pendir, meyvə emalı və qablaşdırılması, üzlüklər, dam örtükləri və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İşgüzar forum çərçivəsində Şəki və ətraf rayonlardan olan 70-ə yaxın sahibkara 780 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, arıçılıq, bağçılıq, əkinçilik, çayçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 914 investisiya layihəsinin maliyyələşdirilməsinə 96,5 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarı, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının, ət və süd emalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 8 700-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. Qeyd edilib ki, indiyədək Şəki rayonunda fəaliyyət göstərən 429 sahibkara 28,1 mln. manat (bu gün keçirilən işgüzar forumda verilən kreditlər də daxil olmaqla) güzəştli kredit verilib.

Forum çərçivəsində Şəki rayonunun Göybulaq kəndində dövlətin güzəştli krediti ayrılmış taxıl anbarı və dəyirman kompleksinin fəaliyyətinə baxış keçirilib. Son illərdə tutumu 352 min tona yaxın olan 23 müasir taxıl anbarı kompleksinin yaradılmasına 30,8 mln. manat güzəştli kredit verilib. Artıq bu anbarlardan 21-i istifadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR