Jalə Əliyeva: “Büdcə gəlirlərinin azaldığı bir zamanda sosial xərclərin artırılması siyasi-iqtisadi sabitliyin başlıca göstəricisidir”

Jalə Əliyeva: “Büdcə gəlirlərinin azaldığı bir zamanda sosial xərclərin artırılması siyasi-iqtisadi sabitliyin başlıca göstəricisidir”
# 14 oktyabr 2015 10:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Müzakirə etməkdə olduğumuz büdcə layihəsi real proqnozlara əsaslanaraq hazırlanmış əhəmiyyətli bir sənəddir”.

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin növbəti plenar iclasında 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Jalə Əliyeva deyib. O bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsinin dünyada baş verən neqativ iqtisadi hadisələr fonunda hazırlanması bu sənədi xüsusilə əhəmiyyətli edir. Büdcə layihəsinin bütövlükdə milli maraqları əks etdirdiyini deyən J. Əliyeva qeyd edib ki, ölkədəki iqtisadi sabitliyin bundan sonra da davam edəcəyinə əminlik yaradan bu layihə akademik səviyyədə hazırlanıb: “Layihə əvvəlki illərin büdcəsindən öz yığcamlığı ilə fərqlənsə də, tam əminliklə deyə bilərik ki, ötən illərdə olduğu kimi, bu büdcə layihəsində də bir daha insan amili ön plana çəkilib. Bununla belə, layihə hazırlanarkən bu gün dünyada baş verən qeyri-sabitliklər, qeyri-müəyyənliklər, ehtimallar nəzərə alınıb. Büdcə gəlirlərinin azaldığı bir zamanda sosial yönümlü xərclərə 8,6%, sosial tədbirlərə 4,3%, təhsil xərclərinə 2,4%, səhiyyəyə 0,9%, beynəlxalq fəaliyyətə 22,1%, mədəniyyət, incəsənət, idman xərclərinə 8,4% daha çox vəsait ayrılması əlbəttə ki, ölkədə hökm sürən ictimai-iqtisadi, siyasi sabitliyin, eləcə də maliyyə sabitliyinin başlıca göstəricisidir. Bu göstəricilər ondan xəbər verir ki, ölkədə cənab prezident tərəfindən həyata keçirilən düşünülmüş, gələcəyə istiqamətlənən siyasətin bütün sahələri üzrə hər zaman adekvat tədbirlər planı mövcuddur. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbəri olduğu müdrik siyasət strategiyası nəticəsində ölkədə əvvəlki illərdə geniş vüsət alan iqtisadi inkişaf uğurla davam etməkdədir. Gəlirlərin azalması fonunda ötən illərlə müqayisədə xərclərin müəyyən ölçüdə də olsa, artırılması nikbin düşünməyə əsas verir”.

Millət vəkili xərclərin mümkün olduğu qədər azaldılmasını tələb edən bugünkü reallıqlar zəminində müxtəlif sahələri əhatə edən təkliflər üçün büdcədən daha çox vəsait ayrılmasını gündəmə gətirməyi doğru saymır. Bununla belə, o qeyd edib ki, bəzi həlli vacib məsələlərə mütləq diqqət ayrılmalıdır: “Aztəminatlı ailələrin mənzil probleminin həlli üçün sosial evlərin tikintisi ilə bağlı olaraq əvvəlki illərdə nəzərdə tutulan layihələrin maliyyələşdirilməsi işinin davam etdirilməsi, yenə həmin təbəqədən vətəndaşlar üçün ipoteka şərtlərinin dəyişdirilməsi, yəni asanlaşdırılması, eyni zamanda təhsil və tibb işçilərinə güzəştli ipotekaların verilməsi məsələləridir. Dövlətimizin qüdrəti bu, çox da böyük vəsait tələb etməyən layihələri həll etməyə qadirdir”.

J. Əliyeva hökumət üzvlərinin diqqətinə deputat seçildiyi dairənin seçicilərinin bir xahişini də çatdırıb: “Hökumət üzvlərinin tam tərkibdə burada olmasından istifadə edərək son günlərdə seçicilərim tərəfindən daxil olan bir xahişi səsləndirmək istəyirəm. Ölkədə uğurla həyata keçirilən qazlaşdırma siyasətinin tərkib hissəsi olaraq deputatı olduğum Zərdab rayonunun Sarıqaya kəndinə də qaz xətti çəkilməkdədir. Lakin həmin kənddə evlərin bir çoxu Kür çayının keçdiyi bəndin ərazisində yerləşir və bu vəziyyət layihəyə görə həmin ərazidən keçməsi nəzərdə tutulan qaz xəttinin çəkilməsini mümkünsüz edir. Hazırda həmin kənddə qaz çəkilişi işləri yarımçıq qalıb və bu vəziyyət bir neçə aydan bəridir ki, davam edir və heç bir şəkildə hələlik həllini tapmır. Qarşıdan qış gəlir. Hökumətimizdən həmin kəndin ərazisindən keçən layihənin ən qısa zamanda yenidən nəzərdən keçirilməsi üçün mümkün olan köməkliklərini əsirgəməməyi xahiş edirəm”.

Sonda millət vəkili büdcə layihəsinə səs verəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR