“DəmirBank”ın rəhbəri: “26 il ərzində müxtəlif çətinliklərdən keçərək dayanıqlı banklardan biri olduğumuzu sübut etmişik” - MÜSAHİBƏ

“DəmirBank”ın rəhbəri: “26 il ərzində müxtəlif çətinliklərdən keçərək dayanıqlı banklardan biri olduğumuzu sübut etmişik” - <span style="color: red;">MÜSAHİBƏ
# 23 dekabr 2015 13:47 (UTC +04:00)

Bakı - APA-Economics. Bildiyiniz kimi, dekabrın 21-də ikinci devalvasiya dalğası ölkə iqtisadiyyatı, əsas da bank sektorunda yeni situasiya yaradıb. Bu hadisə əhalidə bir çox suallar yaradıb. Bu sualların bir çoxu bank və digər kredit təşkilatları ilə bağlıdır. Belə ki, devalvasiyanın nəticəsi olaraq bir tərəfdən dollarla kredit götürmüş müştərilərin ödənişlərində çətinliklərin yaranması, digər tərəfdən isə insanların vəsaitlərini banklarda yerləşdirməkdən çəkinməsi halları müşahidə olunur.

Bu vəziyyətdə mümkün çıxış yolları və atılacaq addımların müzakirəsi mövzusunda “Dəmirbank”ın İdarə Heyətinin sədri Roman Əmircanovun “APA-Economics”ə müsahibəsini nəzərinizə çatdırırıq.

- Dekabrın 21-də baş verən devalvasiyanın “Dəmirbank”a təsirini necə şərh edərdiniz?

- “Dəmirbank” olaraq valyuta mövqeyimizi düzgün idarə etdiyimizdən, açıq valyuta mövqeyi saxlamadığımızdan və likvidlik, kapital adekvatlığı göstəricilərinə əsasən əminliklə deyə bilərik ki, baş verən devalvasiyanın bankımıza ani təsiri olmayıb. Lakin gözlədiyimiz müəyyən çətinliklər var ki, onlar da müştərilərin dollarda olan öhdəliklərinin qaytarılması ilə bağlıdır. Bununla bağlı hansı fəsadlar ola bilərsə, hal-hazırda onların qarşısının alınması üzrə tədbirlər planı hazırlayırıq. Eyni zamanda, bu günlərdə hökumət rəsmilərinin çıxışlarından bu qənaətə gəlmək olar ki, vəziyyətin yaxşılaşdırılması və dayanıqlılığın artırılması ilə bağlı Azərbaycan Mərkəzi Bankı tərəfindən banklara müəyyən dəstək olacaq. Bundan əlavə, “DəmirBank”ın səhmdarlarının (EBRD, FMO və s.) nüfuzu, resursları və təcrübəsindən irəli gələrək deyə bilərik ki, hal-hazırda maliyyə dayanıqlılığına aid bankımızın heç bir problemi yoxdur, yaxın gələcəkdə də gözlənilmir.

Əvvəlki müddətlə müqayisədə gecikmiş kreditlərdə müəyyən qədər artım var və cari vəziyyətlə əlaqədar bu rəqəmin artacağı gözlənilir, lakin bu artım idarə oluna bilən çərçivədədir.

- Bankda dollarlaşma səviyyəsi nə qədərdir?

- Kredit portfelinin təxminən yarısı dollarladır. Bunun təsiri ondan ibarətdir ki, dollar portfeli (manat ifadəsində) artanda bankın ümumi aktivləri də artır və onun kapital adekvatlığı göstəricisinə təsir edir. Lakin ötən gün Mərkəzi Bank prudensial normativlərdə müəyyən yumşaltmalar edib və yeni dəyişikliklərin edilməsi də gözlənilir. Ona görə də hal-hazırda “Dəmirbank” Mərkəzi Bankın müvafiq requlyativ tələblərinə cavab verir.

- Dollarla krediti olan müştərilərə hər hansı güzəştlər nəzərdə tutulurmu?

- Müştəriləri problemlər qarşısında tək buraxmaq fikrimiz yoxdur. Fevral ayında baş verən devalvasiyadan sonra müştərilərimiz üçün bir neçə təkliflər verilmişdi. Bu təkliflərə müəyyən güzəşt qarşılığında kreditin daha tez bağlanması, faizlərin aşağı salınaraq müddətin uzadılması kimi seçimlər daxil idi. Hazırda araşdırmalar apararaq müştərilərin fikirləri əsasında onlar üçün daha sərfəli və güzəştli təkliflər hazırlayırıq. Bundan irəli gələrək müştərilərə bir neçə ssenari hazırlanılıb təqdim olunacaq ki, bunun əsasında da onlar özlərinə daha uyğun olan ssenarini seçərək ödənişlərini həyata keçirəcəklər.

- Müasir biznes mühiti daimi olaraq optimallaşdırma tələb edir. “Dəmirbank”da necə, belə bir addım gözlənilirmi?

- Bu sual altında işçi sayının azaldılması nəzərdə tutulursa, qeyd etmək istəyərdim ki, əvvəl bazarın genişlənməsi işçi sayının artmasına gətirib çıxarırdısa, bu gün də mövcud iqtisadi duruma uyğunlaşmaq üçün strukturun optimallaşdırılmasına tələb var. Satışların müəyyən qədər azalma gözləntiləri və eyni zamanda kreditlərin yığımı ilə bağlı işlərin artması strukturdaxili yerdəyişmələrlə nəticələnə bilər. Digər tərəfdən, daim texnoloji yeniliklərin tərəfdarı olan DəmirBank proqram təminatını optimallaşdırır, prosesləri avtomatlaşdırır və nəzarət mexanizmlərini gücləndirir. Bu tip yeniliklərə Bank tərəfindən kifayət qədər investisiya qoyulur.

- Bizdə olan məlumata əsasən “Dəmirbank”a əmanət baxımından böyük etibar var. Gözləntilər nə dərəcədədir, yəni devalvasiya buna necə təsir edə bilər?

- “DəmirBank” 26 illik tarixə və zəngin təcrübəyə malik olmaqla Azərbaycanın aparıcı banklarından biridir. Bu müddət ərzində müxtəlif çətinliklərdən keçərək dayanıqlı banklardan biri olduğumuzu sübut etmişik. Bunun nəticəsində bazardakı vəziyyətdən asılı olmayaraq əmanətçilərin bizim Banka qarşı etibarı daim yüksək olub. Belə ki, hər il depozit üçün qoyduğumuz planları artıqlaması ilə icra etmişik. Qeyd etmək istəyərdim ki, “Dəmirank”ın depozitlərin qaytarılması ilə bağlı da heç bir problemi yoxdur və bunun üçün Bankın kifayət qədər resursları var. “DəmirBank” hər zaman olduğu kimi müştərilərin tələblərinə cavab verən müxtəlif növ depozitlər təklif edir. Bundan əlavə, manatla olan depozitlərin vaxtından əvvəl çıxarılaraq dollar əmanətlərinə çevirmək istəyən müştərilərə hesablanmış faizlərin itirilməməsi üçün də şərait yaradırıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR