"Azercell"in növbəti Bölgə Tələbə Proqramına start verilib

"Azercell"in növbəti Bölgə Tələbə Proqramına start verilib
# 08 dekabr 2015 11:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azercell Telekom” bölgələr üçün nəzərdə tutulan növbəti Tələbə Proqramına start verib.

“Azercell Telekom”dan “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın regionlarında yerləşən universitetlərdə təhsil alan tələbələrə aylıq təqaüd almaq imkanını yaradan bu proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin inkişaf etməsinə və peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir. Proqram çərçivəsində “Azercell” əməkdaşları tərəfindən Gəncə Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində, Azərbaycan Texnologiya Universitetində, Mİngəçevir Dövlət Universitetində təqdimatlar keçirilib, eləcə də Naxçıvan və Lənkəran Dövlət Universitetlərində proqram haqqında tələbələrə geniş məlumat verilib. 400-dən çox tələbənin iştirak etdiyi təqdimatlarda Tələbə Proqramı ilə bağlı suallar cavablandırılıb.

Şirkət nümayəndələri tərəfindən məlumat verilib ki, proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər “Azercell” şirkəti tərəfindən xüsusi təqaüd alacaqlar. Bununla yanaşı, seçilən tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər. Dekabr ayı boyunca proqramla bağlı “Azercell” əməkdaşlarının ölkənin digər bölgələrində də təqdimatlar keçirəcəyi planlaşdırılır.

Məlumat üçün bildirək ki, Tələbə Proqramına müraciət etmək üçün şirkətin rəsmi səhifəsinin Karyera bölməsindəki (http://www.azercell.com/az/company/career/development_oportunities/) “Bölgə Tələbə Proqramı 2015” səhifəsinə daxil olmaq lazımdır. Ərizələr yalnız onlayn rejimdə qəbul edilir. Müraciətlərin son qəbul tarixi – 11 dekabr 2015-ci ildir.

Tələbə Proqramı tələbələrə 2008-ci ildən etibarən təqdim olunur və bugünədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan onlarla tələbə “Azercell” şirkətinin Tələbə proqramının qalibləri adını qazanıblar. Ötən ildən etibarən isə “Azercell” artıq ölkəmizin müxtəlif bölgələrində Tələbə Proqramı layihəsini həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR