Ötən il Azərbaycanda hərbi cinayət törətmiş şəxslərin 790 min manatlıq maddi ziyanı istintaq zamanı ödəməsi təmin edilib

Ötən il Azərbaycanda hərbi cinayət törətmiş şəxslərin 790 min manatlıq maddi ziyanı istintaq zamanı ödəməsi təmin edilib
# 29 yanvar 2016 11:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ötən il Azərbaycanda hərbi cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulmuş 790 min 503 manat məbləğində maddi ziyanın istintaq zamanı ödənilməsi təmin edilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında bildirib. O qeyd edib ki, 2015-ci ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çox epizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib. Hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub.

Bildirilib ki, ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 66 nəfər tapılıb istintaqa cəlb edilib.

Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 136 yoxlama keçirilib, nəticədə 2191 qanun pozuntusu aşkarlanıb. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 202 təqdimat göndərilib, 227 nəfərə xəbərdarlıq edilib, 44 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 141 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 15 qanunsuz qərar ləğv olunub.

X. Vəliyev ərazi hərbi prokurorlarından bu sahədə görülən işin səmərəliliyinin artırılmasını və ilkin təhqiqatın tam, hərtərəfli və keyfiyyətli aparılması üçün prokuror nəzarətinin daha da gücləndirilməsini tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR