ABŞ Dövlət Departamenti: “Rusiyanın San-Fransiskodakı Baş Konsulluğunda axtarış aparılmayıb”

ABŞ Dövlət Departamenti: “Rusiyanın San-Fransiskodakı Baş Konsulluğunda axtarış aparılmayıb”
# 07 sentyabr 2017 01:53 (UTC +04:00)

Rusiyanın San-Fransiskodakı Baş Konsulluğunun binasında axtarışlar aparılmayıb

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi bəyan edib.

“Baş Konsulluqda axtarışların aparılması, eləcə də binanın zədələnməsi ilə bağlı səsləndirilən bəyanatlar əsassızdır və həqiqətə uyğun deyil. Binada müəyyən təmir-tikinti işlərinin aparılacağı barədə isə Rusiya tərəfi əvvəlcədən məlumatlandırılıb. Bundan əlavə, Konsulluqda yaşayan rusiyalılara əşyalarını rahat şəkildə yığmaq üçün oktyabrın 1-dək mənzillərində qalmaq imkan verilib”, deyə Dövlət Departamentinin rəsmisi vurğulayıb.

Bundan əvvəl Rusiya XİN-in sözçüsü Mariya Zaxarova ABŞ xüsusi orqanları tərəfindən Rusiyanın San-Fransiskodakı Baş Konsulluğunda axtarışlar aparıldığını və binaya zərər yetirildiyini bildirib. ABŞ sentyabrın 2-dək Rusiyanın San Fransiskodakı Baş Konsulluğunu, Vaşinqton və Nyu York şəhərlərindəki konsulluq obyektlərini bağlamağı tələb edib.

Xatırladaq ki, ABŞ Konqresində qəbul olunan sanksiya qanunundan sonra Rusiya hökuməti ölkə ərazisindəki ABŞ diplomatik missiyalarının əməkdaşlarının sayını bu ölkədəki Rusiya diplomatik missiyalarının əməkdaşlarının sayına uyğunlaşdırıb - 455 nəfər. Nəticədə Rusiyadakı ABŞ missiyaları 755 nəfər ixtisara salınıb. ABŞ, buna cavab olaraq, Rusiya ərazisində qeyri-immiqrasiya vizalarının verilməsi prosedurunu qeyri-müəyyən müddətə dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR