Azərbaycan diaspor nümayəndələri Finlandiyanın Cənubi Qafqaz üzrə səfiri ilə görüşüblər

Azərbaycan diaspor nümayəndələri Finlandiyanın Cənubi Qafqaz üzrə səfiri ilə görüşüblər
# 09 fevral 2018 21:44 (UTC +04:00)

Avropa Azərbaycanlılar Konqresinin (AAK) təşkilatçılığı ilə Helsinkiyə toplaşan Azərbaycan diaspora nümayəndələri Finlandiyanın Cənubi Qafqaz (Azərbaycan, Ermənistan və Gürcüstan) üzrə səfiri xanım Arja Makkonen ilə görüşüblər.

APA-nın xəbərinə görə, görüş zamanı AAK prezidenti Sahil Qasımov konqresin təşkilatçılığı altında Avropa azərbaycanlılarının qitədə yeni layihələrə start verməsindən, eləcə də Avropa ölkələri ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə yeni töhfələr verəcək layihələrdən danışıb.

S. Qasımov Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsindən söz açıb: “Hesab edirik ki, hər iki ölkədə təmsil olunan Avropalı diplomat kimi burada yüz minlərlə şərqdən gələn qaçqınların əziyyətini görərək Ermənistanın işğalı nəticəsində öz yurdundan bir milyondan çox qaçqın düşən azərbaycanlıların taleyi sizi yaxından maraqlandırmalıdır. Hərçənd Azərbaycan dövləti onların qayğıları ilə yüksək səviyyədə maraqlanır. S. Qasımov bu ay məhz Ermənistan silahlıları tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımı barədə də xatırladıb.

A. Makkonen qaçqınlarla bağlı problemin həqiqətən ciddi olduğunu bildirərək indiyə qədər azərbaycanlı qaçqınlarla görüşmədiyini təəssüflə qeyd edib və qısa bir zamanda Azərbaycana gələrək qaçqınlarla görüş keçirəcəyini bildirib. O həmçinin Xocalı hadisəsi ilə bağlı yaxından tanış olduğunu, bu hadisəni dərin hüznlə qarşıladığını bildirib.

Finlandiya Azərbaycan Assosiyasiyasının həmsədri, AAK İcraiyyə komitəsinin üzvü Arzu Muradlı isə işğal faktına baxmayaraq təkcə Bakıda 35 mindən çox erməninin qayğısız yaşamasını xatırladıb və bildirib ki, Ermənistanda azərbaycanlılar son nəfərədək etnik təmizləmələrə məruz qalıblar. Səfir bu məsələni də diqqətdə saxlayacağını bildirib.

Sonra çıxış edən AAK vitse prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev bildirib ki, Avropa vaxtında Dağlıq Qarabağda baş qaldıran separatizmlə ciddi maraqlansa idi, bu gün öz məkanında ard arda separatizm olaylarını yaşamazdı. O hər iki ölkə QHT-lərinin dialoqunun vacibliyini vurğulayıb.

Görüşdə AAK vitse prezidentləri Səfər Sadiqi (Danimarka), Yaşar Niftəliyev (Almaniya), İcraiyyə komitəsinin üzvləri Mirvari Fətəliyeva (Fransa, Paris Azərbaycan Evinin sədri), Nadir Hollenbrand (İsveç), Arzu Əliyeva (İsveçrə Azərbaycanın Dostları birliyinin sədri), Təranə Nəzərova (Finlandiya-Azərbaycan Dostluq cəmiyyətinin sədri), o cümlədən Finlandiya Azərbaycan-Türk gənclər təşkilatının sədri Ülviyyə Cabbarova da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR