Nardaran hadisələrində zərərçəkən: “Xəbərdarlığa baxmayaraq polisə atəş açmaqda davam etdilər ”

Nardaran hadisələrində zərərçəkən: “Xəbərdarlığa baxmayaraq polisə atəş açmaqda davam etdilər ”
# 05 oktyabr 2016 16:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Abbas Hüseynov prokuror Nəsib Bayramova etirazla bağlı vəsatət verib. A. Hüseynov daha sonra qeyd edib ki, həbs olunmazdan əvvəl "Xəzər" televiziyasında onların terrorçu olmaları haqqında süjet yayımlanıb.

O, televiziyanın direktoru Hüseyn Dinlemezin məhkəmədə bununla bağlı ifadə verməsini istəyib. Hakim isə ancaq etirazla bağlı vəsatətə baxacaqlarını deyib. Vəkillər vəsatəti müdafiə ediblər. Prokuror isə vəsatətin təmin olunmamasını istəyib. Bildirib ki, vəsatət əsassızdır. Məhkəmə müşavirədən sonra vəsatəti təmin etməyib.

Vəkil Yalçın İmanov deyib ki, hakimlər müşavirəyə gedən zaman prokurorlar da onlarla birlikdə müşavirə otağına gediblər. Vəkil bunun qanun pozuntusu olduğunu deyib və vəkillər hakimlərə etirazla bağlı vəsatət vermək üçün vaxt istəyiblər. Hakim isə müşavirə otağında ancaq hakimlərin olduğunu, prokurorların dəhlizdə dayandıqlarını deyib. Hakim vəkillərə vəsatət hazırlamaq üçün vaxt verib.

Fasilədən sonra vəkillər bütün məhkəmə tərkibinə etirazla bağlı vəsatət veriblər. Prokuror vəsatətin baxılmamış saxlanılmasını istəyib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Daha sonra prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Rüstəm Cəfərov ifadə verib. O bildirib ki, daxil olmuş məlumat əsasında Nardaranda əməliyyat keçiriblər. Əməliyyat zamanı Əlibala Vəliyevi zərərsizləşdirib. Onun üzərindən qumbara çıxıb. Şahid deyib ki, Ə. Vəliyevin əlində bıçaq olub və ona xəsarət yetirmək istəyib.

Zərərçəkmiş şəxs qismində tanınmış Cəfərov Rüstəm Qəzənfər oğlu iş üzrə verdiyi ifadəsində göstərib ki, Baş İdarəyə Nardaran qəsəbəsində yaşayan «Müsəlman Birliyi Hərəkatı»nın sədri, əvvəllər məhkum olunmuş Bağırov Taleh Kamil oğlunun Azərbaycan Respublikasının dövlət hakimiyyətini zorla ələ keçirmək, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək məqsədi ilə digər şəxslərlə əlbir olması haqqında daxil olmuş məlumat əsasında Nardaranda həmin evdə əməliyyat keçirilməsi haqqında qərar qəbul edilib. T. Bağırovun tərəfdaşları ilə birlikdə həyətdə girişdən sağ tərəfdə yerləşən evdə olması tam yəqin edildikdən sonra saat 13 radələrində o və əməliyyat qrupunun digər üzvləri həyətə daxil olublar. Bu zaman həyətdə və evdə olan şəxslər onların həyətə daxil olmaqlarından xəbər tutub qrup üzvlərinə atəş açmağa başlayıblar. Həmin vaxt onlar həmin şəxslərə atəş açmamaları barədə bir neçə dəfə xəbərdarlıq edib, lakin buna baxmayaraq onlar tabesizlik göstərərək avtomat və tapançalardan polisləri atəşə tutmalarını davam ediblər. Onlardan biri həyətdə polislərin olduğu istiqamətdə əl qumbarası atıb, həmçinin o avtomatdan, həyətdə və həyətin girişində sol tərəfdə yerləşən evdən Talehin digər tərəfdaşları da eyni zamanda avtomat və tapançalardan qrup üzvlərini atəşə tutublar. Bu zaman həyətin orta hissəsində olan polis əməkdaşları Vüqar Nəsibov və İsmayıl Tağıyev irəlidə olduqlarından onlar partlayan qumbaranın ətrafa səpələnən qəlpələrindən və atəş açılan avtomat güllələrindən yaralanıblar. Təxminən 10-15 dəqiqə ərzində davam edən atışma zamanı əməliyyat qrupunun üzvləri tərəfindən T. Bağırovun tərəfdaşları zərərsizləşdirilib. O, hadisə baş vermiş həyətin sağ hissəsində yerləşən evdə daxil olaraq evin içində T. Bağırovun yanında əlində bıçaq olan şəxslərdən birini saxlayıb. Saxlanılmış şəxsin şəxsiyyəti müəyyənləşdirilərkən Vəliyev Əlibala Cavad oğlu olması məlum olub. Baxış keçirilərkən Ə. Vəliyevin sağ bilək və sol əl nahiyələrində qançır xəsarətlərinin olması aşkar edilib. Ə. Vəliyevin əynində olan şalvarın sol yan cibindən bir ədəd alışdırıcısı ilə birlikdə əl qumbarası, onu tərksilah etdiyi zaman götürdüyü bir ədəd bıçaq ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənib. Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı heç bir xəsarət almayıb.

Daha sonra vəkillərin sualların cavablandıran R. Cəfərov qumbara atan şəxsi görsə də, onun şəxsiyyətini müəyyən edə bilmədiyini deyib. Bildirib ki, Ə. Vəliyevi saxlayan zaman onun əlində xəsarət izləri olduğunu görüb. Təqsirləndirilən Cabbar Cabbarov isə onlara təzyiq edən şəxslərdən birinin də R. Cəfərov olduğunu deyib. Şahid onun dediklərini təkzib edib. Təqsirləndirilən Şamil Abduləliyev isə şahiddən niyə qumbara atan şəxsi zərərsizləşdirmədiyini soruşub. Şahid həmin şəxsə yaxın olan başqa əməliyyatçılar olduğu üçün bunu etmədiyini deyib.

Proses oktyabrın 7-də davam edəcək.

***

13:52

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Taleh Bağırov bildirib ki, onu beş gündür cərimə kamerasında saxlayırlar. O, çıxışlarına görə təzyiqə məruz qaldığını bildirib. Hakim isə həmin məsələnin məhkəməyə aidiyyəti olmadığını söyləyib.

Daha sonra Abbas Hüseynov prokuror Nəsib Bayramova etirazla bağlı vəsatət verib. Bildirib ki, prokuror qərəz nümayiş etdirir. A. Hüseynov daha sonra qeyd edib ki, həbs olunmalarından əvvəl “Xəzər” televiziyasında onların terrorçu olmaları haqqında süjet yayımlanıb. O, televiziyanın direktoru Hüseyn Dinlemezin məhkəmədə bununla bağlı ifadə verməsini istəyib. Hakim isə ancaq etirazla bağlı vəsatətə baxacaqlarını deyib. Vəkillər vəsatəti müdafiə ediblər. Prokuror isə vəsatətin təmin olunmamasını istəyib. Bildirib ki, vəsatət əsassızdır. Məhkəmə müşavirədən sonra vəsatəti təmin etməyib. Vəkil Yalçın İmanov isə deyib ki, hakimlər müşavirəyə gedən zaman prokurorlar da onlarla birlikdə müşavirə otağına gediblər. Vəkil bunun qanun pozuntusu olduğunu deyib və vəkillər hakimlərə etirazla bağlı vəsatət vermək üçün vaxt istəyiblər. Hakim isə müşavi otağında ancaq hakimlərin olduğunu, prokurorların dəhlizdə dayandıqlarını deyib. Hakim vəkillərə vəsatət hazırlamaq üçün vaxt verib. Fasilədən sonra vəkillər bütün məhkəmə tərkibinə etirazla bağlı vəsatət verdilər. Prokuror vəsatətin baxılmamış saxlanılmasını istəyib. Məhkəmə də vəsatəti baxılmamış saxlayıb. Daha sonra prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Rüstəm Cəfərov ifadə verib. O, bildirib ki, daxil olmuş məlumat əsasında Nardaranda əməliyyat keçiriblər. Əməliyyat zamanı Əlibala Vəliyevi zərərsizləşdirib. Onun üzərindən qumbara çıxıb. Şahid deyib ki, Ə. Vəliyevin əlində bıçaq olub və ona xəsarət yetirmək istəyirdi.

Proses günün ikinci yarısında davam edəcək.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR