Leyla Şıxlinskayanın klinikasının mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən əməkdaşları məhkəmədə ifadə veriblər

Leyla Şıxlinskayanın klinikasının mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən əməkdaşları məhkəmədə ifadə veriblər
# 04 yanvar 2018 08:22 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Şıxlinskayanın klinikasının mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən sabiq baş mühasibi Şəhla Abbasova və klinikanın əməkdaşları - Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın, Polad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda Şəhla Abbasova sualları cavablandırıb. Bildirib ki, ərizə yazıb işdən çıxandan sonra yoxlama aparılmasını tələb ediblər, lakin Leyla Şıxlınskaya buna razı olmayıb: "Bir də ayıldıq ki, bizim işimiz Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir. Biz sənədləri mansardda saxlayırdıq. Ora da taxtadan ibarət idi. Sonra gəlib akt tərtib etdilər və vaxt verdilər ki, oranı boşaldaq. Çünki orada sənəd saxlamaq təhlükəli idi. Leyla Şıxlınskaya göstəriş verdi və sənədlər oradan götürüldü. Yer olmadığı üçün həmin sənədlər yandırıldı".

Ş. Abbasova bildirib ki, 2012-ci ildə baş mühasib işləməsindən altı ay keçəndən sonra L. Şıxlınskaya klinikada daxili yoxlama edib və razı qalıb: "Yaxşı və düzgün işlədiyimizə görə bizə mükafat da yazdı".

Təqsirləndirilən Polad Əliyev isə ifadəsində deyib ki, ittihamlar düzgün deyil: "Necə olur ki, Leyla Şıxlınskaya bizi ittiham etməzdən altı ay əvvəl yoxlama keçirir və razı qaldığını deyir. O hər gün telefonla əlaqə saxlayıb, bütün işlərlə maraqlanıb. Necə olur ki, bir milyon pul yoxa çıxır? Vəkili vasitəsilə bizə söz göndərib ki, onunla barışmamışıq və pulu ödəməmişik. Biz onunla küsülüyük ki, barışaq ya pul yemişik ki, qaytaraq? Mən istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. Baş mühasibin müavini olaraq vergi hesabatının tərtibi, balans, rəsmi əmək haqqının hesablanması və digər işlərlə məşğul olmuşam. Klinikanın həkimləri 30-40 min əmək haqqı alırdılar. Lakin rəsmi maaş az göstərilirdi. Leyla Şıxlınskaya bizə qeyri-rəsmi göstəriş də verib. Mən də razılaşmışam. Çünki oradan çörək yeyirdik".

Prokuror ondan işdən çıxma səbəbini soruşub. P. Əliyev bildirib ki, L. Şıxlınskiyanın qanunsuz tələblərinə görə 6 ay işlədikdən sonra ərizə yazaraq işdən çıxıb: "Bütün tapşırıqları Leyla xanımdan almışam. İşlədiyim dövrdə heç bir töhmət almamışam. Klinikada heç vaxt kassa mədaxil ordeni yazılmayıb".

İclasda təqsirləndirilən Aytən Hüseynova da ifadə verib. O klinikada qeydiyyat bölməsində işlədiyini, günün sonunda yığılan pulları kassaya verdiyini, rəsmi olaraq 125 manat rəsmi maaş aldığını, lakin bundan əlavə paket də aldığını deyib.

Səkinə Qasımova da oxşar ifadə verib.

Mədinə Hüsiyeva isə bildirib ki, hazırda klinikada işləyir: "Hər zaman işlədiyimiz qayda ilə işləyirik, lakin proqram dəyişib. Bütün ödənişlər kompüterə yazılır və hər yerdə kamera var".

Proses dekabrın 11-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir. Klinikanın fəaliyyəti ilə bağlı açılan cinayət işi ilə bağlı məlum olur ki, adı çəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.

Leyla Şıxlinskaya mətbuata bu işdə heç bir günahının olmadığını bildirib: “Onlar əvvəl mənim pulumu kəsdilər. Klinikadan mənə pul çatmırdı. 700 min manatdan çox vəsaiti ələ keçiriblər və istintaq da bunu sübuta yetirib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR