“Son iclas” bədii-sənədli filmi barədə mətbuat konfransı keçirilib

“Son iclas” bədii-sənədli filmi barədə mətbuat konfransı keçirilib
# 25 may 2018 15:17 (UTC +04:00)

"Son iclas" bədii-sənədli filminin təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, Bakı Media Mərkəzinin baş icraçı direktoru Orman Əliyev bildirib ki, “Son iclas" bədii-sənədli filminin məqsədi 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salmaq və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini vurğulamaqdır: “Filmin çəkilişləri paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alınıb. Filmin texniki, eləcə də yaradıcı heyəti yerli mütəxəssislər və peşəkar aktyorlardır. Ekran əsərinin ssenarisi bu günədək araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ümumilikdə bu film layihəsi üzərində altı aya yaxın iş aparılıb, çəkiliş günləri isə 32 gün davam edib və 25 məkanda çəkilişlər olub. Filmin çəkiliş qrupu 100 nəfərə yaxın heyətdən ibarətdir. Ekran əsərində 50-dən çox peşəkar aktyor, kütləvi səhnələrdə isə 500-dək insan iştirak edib. Ümumilikdə film layihəsi üzərində 700 nəfərlik heyət çalışıb. Bakı Media Mərkəzi olaraq Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsini təsvir edən ekran işi ərsəyə gətirdiyimiz üçün qürur duyuruq”.

Mətbuat konfransında çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib ki, cəmi 23 ay yaşayaraq istismar altında olan bir ölkəni Şərqin ilk və ən demokratik respublikasına çevirmiş Cümhuriyyət Azərbaycan xalqının qürur yeridir: “Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkəti ölkənin zəngin mədəni irsini və milli dəyərlərini təbliğ edən təşəbbüsləri və fəaliyyətləri həmişə dəstəkləyir. Azərbaycanın ilk demokratik respublikası əsl mili dəyərdir və BP şirkəti olaraq biz Cümhuriyyətin 100 iliyinə həsr edilmiş belə bir sənədli filmin sponsoru olmaqdan və xalqın qürur hissini paylaşmaqdan şərəf duyuruq”.

"Son iclas" bədii-sənədli filminin ssenari müəllifi Müsəllim Həsənov filmin ssenarisinin yazılma prosesi, tədqiqat aparılan arxivlər haqqında məlumat verib. Onun sözlərinə görə, ssenari yazılanda Azərbaycanla yanaşı, bir sıra ölkələrin arxivindən də istifadə edilib.

Ekran əsərinin quruluşçu rejissoru Fuad Əlişov, quruluşçu operatoru Rəşad Nuriyev, quruluşçu rəssamı isə Şahin Həsənlidir. Bakı Media Mərkəzi mayın 26-dan etibarən ekran əsərini "CinemaPlus" kinoteatrlar şəbəkəsində üç gün ödənişsiz nümayiş etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR