Baş terapevt: “Atmosfer təzyiqinin dəyişməsi daha çox sinir sisteminə mənfi təsir edir“

Baş terapevt: “Atmosfer təzyiqinin dəyişməsi daha çox sinir sisteminə mənfi təsir edir“
# 06 sentyabr 2017 10:06 (UTC +04:00)

“Azərbaycanda insanların hamısı iqlimin dəyişməsinə eyni dərəcədə həssas deyillər. İqlim dəyişikləri daha çox meteohəssas insanlarda özünü büruzə verir”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş terapevti Yaqub Qurbanov deyib.

Onun sözlərinə görə, havada hansısa dəyişiklik olarsa, meteohəssas insanlarda daha çox sinir sistemi ilə bağlı olan-baş ağrısı, ürək, qan-damar, qusma halları müşahidə edilir. Y.Qurbanov qeyd edib ki, buna daha çox ürək-qan damar, sinir, oynaq sistemi xəstəlikləri olan insanlar məruz qalır.

Y.Qurbanov qeyd edib ki, atmosfer təzyiqinin dəyişməsi də insanların xüsusilə sinir sisteminə mənfi təsir edir: “Sağlam insanlar bu hala qarşı dözümlü olsalar da, zəif və müxtəlif xəstəlikləri olan insanlarda diskomfort yaranır. Qeyd etməliyəm ki, bu gün Abşeron yarımadasında atmosfer təzyiqi gündə 7-8 dəfə dəyişir. Orqanizm də buna uyğun öz fəaliyyətini dəyişməyə başlayır. Belə halda ürək də fəaliyyətini 7-8 dəfə dəyişir. Kimsə şikayət edir ki, dayandığım yerdə başım ağrıdı, burunda qıcıqlanma, asqırma baş verdi. Yaxud bəzən görürsən ki, atmosfer təzyiqinin dəyişməsi nəticəsində bağırsaqlarda qaz artır, nəticədə ağciyər sıxılır və təngnəfəslik yaranır. Çox zaman əhali bunu bilmir. Amma nəzərə almaq lazımdır ki, bu kimi hallar atmosfer təzyiqinin insan səhhətinə təsiri nəticəsində baş verir”.

Y.Qurbanov əlavə edib ki, alimlərin apardığı tədqiqatlar nəticəsində yol-nəqliyyat hadisələrinin çoxunun həddən artıq isti və ya soyuq havada qeydə alınması məlum olub. Onun sözlərinə görə, temperatur azalanda və ya çoxalanda bütün orqanların funksiyaları dəyişir, bu da gündəlik həyatda özünü büruzə verir. Baş terapevt qeyd edib ki, yağışlı və dumanlı havada belə hallar daha az qeydə alınır: “Bəzən infarkt, insult keçirən insanlar dincəlmək üçün öz yaşadıqları ərazidən uzaq yerə gedirlər. Amma bilmək lazımdır ki, infarkt, insult keçirən insanların infarkt insultun keçirildiyi bölgədən uzaq yerə getməsi məsləhət deyil. Çünki o zaman təzyiq qəfildən yüksələ bilər və təhlükə yaranar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR