Reproduktiv dövrdə olan qadınların 30%-ə qədəri ailə qurmayıb

Reproduktiv dövrdə olan qadınların 30%-ə qədəri ailə qurmayıb
# 19 oktyabr 2016 11:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycanda reproduktiv sağlamlığa təsir edən bir sıra amillər var”. APA-nın xəbərinə görə, Azərbaycan Tibb Universitetinin Mama-ginekologiya kafedrasının müdiri Elmira Əliyeva deyib ki, Bakıda reproduktiv dövrdə olan (18-45 yaş arası) qadınların 30%-ə qədəri ailə qurmayıb. Reproduktiv dövrdə olan hər 3-4 nəfərdən birinin ailə qurmadığını açıqlayan E.Əliyeva vurğulayıb ki, bunlar reproduktiv sağlamlığa zərər vuran əsas amillərdir.

E.Əliyeva qohum nikahlara qarşı olduğunu bildirib: “Qohum nikaha daxil olmaqdansa, olmamaq yaxşıdır. Bakı kəndlərində ailələr 4-5 nəsil qohum olurlar. Bu hallara qarşı təbliğat aparılmalıdır”.

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova əlavə edib ki, Azərbaycanda hər bir region üçün özünəməxsus xəstəliklər var və onlar hamiləliyin və doğuşun gedişinə, erkən zahılıq dövrünə öz təsirini göstərir. S.Məmmədova vurğulayıb ki, regionlara uyğun olaraq ginekoloji patologiyalar, endemik xəstəliklər fərqlənir. Onun sözlərinə görə, qızlar nə qədər gec ailə qurarsa, xəstəliklər üzrə risk halları artır, hamiləlik risk qrupuna daxil olur, nəticədə doğuşa müəyyən problem yaranır: “Bu qrupda ana ölümlərinin sayı da yüksək olur. Ona görə də vaxtında ailə qurmaq lazımdır”.

Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva isə bildirib ki, regionlar arasında ana sağlamlığı, hamiləliyin ağırlaşması və ana ölümləri ilə bağlı ciddi fərq yoxdur. Sadəcə, regionlar öz adət-ənənələrinə, iqliminə görə fərqlənir ki, bu da ailə məsələlərinə, nikaha öz təsiri göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR