Azərbaycanın tibb müəssisələrində çarpayı fondu 50 faiz ixtisar edilib, 40 faizə yaxın stasionar müəssisə bağlanıb

Azərbaycanın tibb müəssisələrində çarpayı fondu 50 faiz ixtisar edilib, 40 faizə yaxın stasionar müəssisə bağlanıb
# 23 oktyabr 2014 11:38 (UTC +04:00)

“Ana ölümü 61, körpə ölümü 34 faiz azalıb”

Bakı. Könül Kamilqızı – APA. “Ötən 10 il ərzində Azərbaycanda ambulator-poliklinik tibb müəssisələrinə müraciətlərin sayı artıb”. APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva “Regionda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və Azərbaycan üçün seçimlər” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib ki, xəstəxanada qalma günü azalmaqla və çarpayıların orta tutulma göstəriciləri artmaqla tibb müəssisələrinin işinin səmərələşdirilməsinə nail olunub. Onun sözlərinə görə, xəstəxana çarpayılarının məşğulluq göstəricisi son 10 il ərzində 3 dəfə yüksəlib.

Aparat rəhbəri qeyd edib ki, ilkin səhiyyə xidməti müəssisələrində ailə həkimi praktikasının tətbiqinə başlanıb. Nazirlik təmsilçisi bu gün minə qədər ailə həkiminin Azərbaycanın regionlarında, kənd xəstəxanalarında və digər ilkin səhiyyə müəssisələrində çalışdığını açıqlayıb: “Son 10 il ərzində Azərbaycanda ölüm göstəricisi dinamik olaraq azalıb, doğum və bununla bərabər təbii artım göstəricisi yüksəlib. Ölkədə orta ömür uzunluğu bu illər ərzində artaraq 2000-ci ildə 71,8 yaşdan 2013-cü ildə 74,2 yaşadək yüksəlib. Son illər ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bu sahədə göstəricilərin yaxşılaşmasına gətirib çıxarıb. Ana ölümü 61%, körpə ölümü 34% azalıb”.

Nazirlik rəsmisi qeyd edib ki, ötən 10 il ərzində ölkədə 500-dən artıq yeni tibb müəssisəsi tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub, ən müasir avadanlıqlarla təchiz olunub. Bu müəssisələrin 32%-i Bakının, 68%-i isə ölkənin digər regionlarının payına düşür: “Azərbaycanda səhiyyəyə ayrılan maliyyə vəsaitinin səmərəli istifadə edilməsi məqsədilə tam gücü ilə işləməyən və özünü doğrultmayan tibb müəssisələrinin ixtisar edilməsi, çarpayı fondunun azaldılması strukturunun optimallaşdırılması sahəsində islahatlar aparılıb, “Milli Səmərələşdirmə Planı”nın tətbiqi başa çatdırılıb. Nəticədə respublika üzrə çarpayı fondu orta hesabla 50% ixtisar edilib və iqtisadi baxımdan səmərəli hesab edilməyən 40%-ə yaxın stasionar müəssisə bağlanılıb, əvəzində isə yeni ilkin səhiyyə müəssisələri yaradılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR