Azərbaycan idmançıları Yeniyetmələrin II Yay Olimpiya oyunlarında 5 qızıl, 6 gümüş və 1 bürünc medal qazanıb

Azərbaycan idmançıları Yeniyetmələrin II Yay Olimpiya oyunlarında 5 qızıl, 6 gümüş və 1 bürünc medal qazanıb
# 28 avqust 2014 13:10 (UTC +04:00)

Bakı-APA. Çinin Nancinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya oyunlarında Azərbaycan idmançıları uğur qazanıblar. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, 29 idman növü üzrə keçirilmiş yarışlarda 204 ölkədən 3888 idmançı iştirak edib. Azərbaycan 9 idman növündən (avarçəkmə, cüdo, taekvando, boks, sərbəst güləş/yunan–roma güləşi, üzgüçülük, atletika, kamandan oxatma, güllə atıcılığı) 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə arasında və medal qazana bilmiş 86 ölkə arasında 10-cu yeri tutub. Qazanılmış medalların sayına görə (12 medal) Azərbaycan 14-cü yeri tutub. Avropa ölkələri arasında 6-cı, MDB-də Rusiya və Ukraynadan sonra 3-cü, İslam və Qafqaz ölkələri arasında 1-ci yerdədir. 21 idmançıdan 12-si medalla vətənə qayıdır.

Qızıl medal alan idmançılar:

  1. Səid Quliyev (73 kq)- taekvando
  2. İslambek Dadov (69 kq)- yunan roma
  3. Rüfət Hüseynov (49 kq)- boks
  4. Teymur Məmmədov (63 kq)– sərbəst güləş
  5. İqbal Hacızadə (100 kq)- sərbəst güləş

Gümüş medal alanlar:

  1. Leyla Əliyeva (44 kq)- cüdo
  2. Natiq Qurbanlı (55 kq)- cüdo
  3. Ceren Ozbek (44 kq)- Taekvando
  4. Baris Yotov - avarçəkmə ( 1 nəfərlik qayıq)
  5. Cabbar Nəcəfov (50 kq)- yunan roma güləşi
  6. Leyla Qurbanova (52 kq)- qadın güləşi

Bürünc medal alan idmançı isə Nazim Babayevdir (atletika üzrə 3 təkanla tullanma)

Qeyd olunub ki, Sinqapurda Yeniyetmələrin I Yay Olimpiya oyunlarında Azərbaycan 5 idman növündə (ağır atletika, güləş, boks, cüdo, avarçəkmə) 12 nəfərdən ibarət komanda ilə iştirak edib. Nəticədə 3 idman növündə (ağır atletika, güləş, boks) 5 qızıl və 3 gümüş medal qazanaraq komanda hesabında 204 ölkə arasında 11-ci yeri tutub. Eyni zamanda Azərbaycan iştirakçıların sayına görə ən yaxşı nəticə göstərən 2-ci ölkə olub. Ümumi hesabda İslam dövlətləri arasında 1-ci, Avropada 6-cı, MDB ölkələri arasında 3-cü yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR