“Regionda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və Azərbaycan üçün seçimlər” mövzusunda seminar keçirilir

“Regionda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və Azərbaycan üçün seçimlər” mövzusunda seminar keçirilir
# 23 oktyabr 2014 07:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakıda “Regionda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və Azərbaycan üçün seçimlər” mövzusunda yüksək səviyyəli siyasət seminarı keçirilir.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən baş nazirin müavini Əli Əhmədov bildirib ki, hər bir insan üçün sağlamlığı əhəmiyyətli olduğu kimi, dövlət üçün də bu, böyük ictimai əhəmiyyət kəsb edir. Dövlətlərin səhiyyəyə böyük vəsait sərf etdiyini deyən Ə. Əhmədov qeyd edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin böyük hissəsi insan sağlamlığının qorunması ilə əlaqədardır:

“Son 10 il ərzində səhiyyə sahəsində böyük islahatlar aparılıb, irəliləyiş əldə olunub. Azərbaycanda ən müasir xəstəxanalar, müalicə obyektləri yaradılıb, ən yeni tibbi avadanlıqlarla təchiz edilib. Bunlar da dövlətin insan sağlamlığına göstərdiyi diqqətin nəticəsi və insanların sağlamlığının qorunması üçün atılan addımlardır. Həkimlərin, tibbi personalın peşəkarlığının artırılması sahəsində ciddi işlər görülür. Bütün bu görülən işlər Azərbaycan səhiyyə sahəsində aparılan islahatlarda yeni bir mərhələyə keçmək üçün etibarlı bir baza və əsas yaradıb. Bu da səhiyyənin maliyyələşdirilməsi sisteminin təkmilləşdirilməsi, yeni metodlardan istifadə edilməsi ilə əlaqədardır. Biz bunu icbari tibbi sığorta deyərək ifadə edirik. Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar müəyyən işlər görülür və bu sahədə beynəlxalq təcrübə öyrənilir. İcbari tibbi sığortaya keçidlə əlaqədar atılan addımları dünya təcrübəsindən bəhrələnərək atmaq nəzərdə tutulur. Bunun nəticəsində bu mürəkkəb və həssas problemin həllində düzgün seçimləri etmək mümkün olar”.

Tədbirin davamında Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko bildirib ki, dünyada pulsuz səhiyyə xidməti yoxdur və kimsə tibbi xidmətə görə ödəniş etməlidir. Onun sözlərinə görə, Azərbaycanda yoxsulluğun azaldılması üçün mühüm tədbirlər həyata keçirilib və bunun nəticəsi olaraq yoxsulluğun səviyyəsi təqribən 50 faizdən 6 faizə enib: “Lakin eyni zamanda əhalinin bir çox hissəsi potensial xərclər, xüsusən də səhiyyə xərcləri qarşısında aciz qalırlar. İnsanların bu cür hallarda qorunmaya ehtiyacı var. İnsanların bu sahədə sığortanın hansısa növü ilə əhatə olunması vacib amildir”.

Türkiyənin sabiq səhiyyə naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü Rəcəb Akdağ “Türkiyənin universal səhiyyə xidmətləri” mövzusunda məruzə ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR