Görkəmli Azərbaycan alimi vəfat edib

Görkəmli Azərbaycan alimi vəfat edib
# 02 aprel 2015 11:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib.

Azərbaycan Milli Elmlər Akademiyasından APA-ya verilən xəbərə görə, Azərbaycan iqtisad elmi məktəbinin yaranmasında, yüksəkixtisaslı iqtisadçı kadrların yetişdirilməsində xüsusi xidmətləri olmuş görkəmli iqtisadçı alim,İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Ağasəlim Ələsgərov 2015-ci il martın 31-də ömrünün 87-ci ilində vəfat edib.

Ağasəlim Ələsgərov 1928-ci il may ayının 22-də Bakı şəhərində anadan olub. 1946-50-ci illərdə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universitetində) təhsil alıb. 1950-53-cü illərdə Bakı şəhəri Xalq Deputatları Sovetinin Plan Komissiyasında iqtisadçı vəzifəsindən baş iqtisadçı, mənzil-kommunal, əsaslı tikinti şöbələrinin müdiri və Bakı şəhəri uçot-inventarizasiya idarəsinin rəhbəri vəzifələrinə yüksəlib.

1958-ci ildə ilk dəfə SSRİ-də “Pambığın maya dəyəri və onun aşağı salınması yolları” mövzusunda namizədlik, 1968-ci ildə “Kənd təsərrüfatının ixtisaslaşması və onun iqtisadi effektliyi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1969-cu ildə professor adına layiq görülüb. 1974-1978-ci illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda elmi işlər üzrə prorektor və “Siyasi iqtisad” kafedrasının müdiri, 1989-1998-ci illərdə AMEA İqtisadiyyat İnstitutunun direktoru vəzifələrində çalışıb. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilib.

A.Ələsgərovun elmi rəhbərliyi və opponentliyi ilə 78 nəfər elmlər doktoru və elmlər namizədi hazırlanıb. İqtisadiyyatın müxtəlif sahələrində – iqtisadi nəzəriyyə, makro-iqtisadi siyasət, maya dəyəri, əmək məhsuldarlığı, təsərrüfat hesabı və digər istiqamətlərə aid 221 elmi əsərin müəllifidir. A.Ələsgərov məhsuldar elmi fəaliyyətinə görə 1982-ci ildə “Əməkdar mədəniyyət işçisi”, 1986-cı ildə “Əmək veteranı” medalı, 2014-cü ildə isə Rusiya EA-nın xüsusi medalı ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR