Robert Prosineçki: “Almaniya ilə oyun qrupda ən asan oyun olacaq”

Robert Prosineçki: “Almaniya ilə oyun qrupda ən asan oyun olacaq”
# 15 mart 2017 09:10 (UTC +04:00)

“Bu oyun bizim üçün çox vacib idi. Çünki Almaniya ilə seçmə mərhələ matçına az vaxt qalıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

AFFA-nın Hesabat Konfransından sonra millinin xorvatiyalı çalışdırıcısı brifinq keçirib. O, öncə Qətər millisi ilə keçirilən yoldaşlıq görüşü barədə danışıb: “Özünəinam baxımından Qətərlə qarşılaşma bizim üçün önəmli oyun oldu. Yeni futbolçuları da sınamaq imkanım oldu. Ancaq Premyer Liqada çıxış edən oyunçulara şans verdim. Bizim üçün xeyirli oyun oldu”.

Xorvatiyalı mütəxəssis Kamran Ağayevin uzun müddətdi oynamaması barədə də danışıb. O, Almaniya ilə görüşdə hansı qapıçıya şans verəcəyinə də toxunub: “Bizdə qapıçı problemi var. Kamran “Boavişta”da artıq əsas qapıçı deyil. Səlahət Ağayev Qətərlə matçı yüksək səviyyədə keçirdi. Təəssüf ki, o da zədələndi. Hələ oyuna 10 gün vaxt qalıb. Buna baxmayaraq, Kamran bizim bir nömrəli qapıçımızdı”.

Prosineçki Riçard Almeydanın millinin dürşərgəsində bir gün olmasına da aydınlıq gətirib: “Almeyda gələcəkdə milli komandada çıxış edəcək. Sadəcə, Almaniya ilə görüşdə kimlər iştirak edə bilərdilərsə, onları apardıq. Qərara gəldik ki, Almeyda milliyə qoşulsun, atmosferi hiss etsin. Sadəcə, Almaniyaya qarşı oynaya bilməyəcəyi üçün onu Qətərə aparmadıq”.

Yığmamızın baş məşqçisi DÇ-2018-n seçmə mərhələsi çərçivəsində Almaniya ilə baş tutacaq matça da toxunub. O bildirib ki, millimizi dünyanın ən güclülərindən sayılan Almaniyaya qarşı kökləmək problem yaratmayacaq: “Bizim üçün Almaniya ilə oyun qrupda ən asan oyun olacaq. Rəqib dünyanın ən güclü komandalarındandı. O, təkcə qrupumuzun favoriti deyil, həm də dünya çempionudu. Buna görə də, üzərimizdə təzyiq yoxdu. Əksinə, təzyiq növbəti matçlarda daha çox olacaq”.

Prosineçki “Kicker” jurnalının əməkdaşının “Almaniya yığması Azərbaycana minimum 5 qol vuracaq” fikrinə də münasibət bildirib: “Mən həmin jurnalistlə görüşmüşdüm. Amma aramızda belə söhbət olmamışdı. Ona dedim ki, bizimlə oyun milliniz üçün çətin olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR