Maqsud İbrahimbəyovun vəfatının ildönümü münasibəti ilə anım mərasimi keçirilib

Maqsud İbrahimbəyovun vəfatının ildönümü münasibəti ilə anım mərasimi keçirilib
# 22 mart 2017 10:54 (UTC +04:00)

Fəxri xiyabanda xalq yazıçısı Maqsud İbrahimbəyovun vəfatının ildönümü münasibəti ilə anım mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə mərhumun ailə üzvləri, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, ədəbiyyat və mədəniyyət xadimləri iştirak edib.

Mərasimdə yazıçının ruhuna dualar oxunub, məzarı üzərinə gül dəstələri düzülüb.

M. İbrahimbəyovun məzarı üstündə ucaldılan abidənin müəllifi Hüseyn Haqverdiyevdir.

Qeyd edək ki, yazıçı, nasir, kinodramaturq, rejissor Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Bakıda orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb (1955-1960). Moskva Ali ssenaristlər kursunda müdavim (1962-1964), Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964-1971), Moskva Ali rejissorluq kurslarında müdavim (1971-1973) olub.

1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət mükafatı laureatı (1976), Azərbaycan SSR Əməkdar İncəsənət xadimi (1979), Azərbaycan Respublikasının xalq yazıçısı (1998), Azərbaycan Respublikası Sülh Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995, 2000, 2005), Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, Luiziana (ABŞ) ştatının Fəxri senatoru, Minneapolis şəhərinin (ABŞ) Fəxri vətəndaşı, Azərbaycan Respublikası PEN - klubunun prezidenti olub. “Şöhrət” (1995) və “İstiqlal” (2005) ordenləri ilə təltif olunub.

"Mezozoy əhvalatı", "Bayquş gəlmədi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün - ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında filmlər çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR