I rübə Mərkəzi Bank depozit hərraclarından 638 mln. manat cəlb edib

 I rübə Mərkəzi Bank depozit hərraclarından 638 mln. manat cəlb edib
# 18 may 2017 09:03 (UTC +04:00)

Bu ilin I rübündə pul siyasəti alətləri inflyasiya və pul təklifi hədəfləri nəzərə alınmaqla tətbiq edilib. Pul siyasəti qərarlarının inflyasiyaya təsirinin müəyyən zaman intervalı tələb etdiyini nəzərə alaraq Mərkəzi Bank pul siyasəti alətlərini hesabat dövründə də qabaqlayıcı rejimdə tətbiq etməyə çalışıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-mart ayları üzrə Pul siyasəti icmalında öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, dövr ərzində Mərkəzi Bankda likvidlik əməliyyatları üzrə faiz dəhlizinin parametrlərinə bir dəfə baxılıb. “Makroiqtisadi sferada müşahidə olunan ilkin müsbət trendlər və formalaşan yeni gözləntilər nəzərə alınaraq faiz dəhlizinin parametrləri, o cümlədən uçot dərəcəsinin dəyişməz saxlanması haqqında İdarə Heyətinin 10 mart 2017-ci il tarixli iclasında yekdil qərar qəbul edilib. Hesabat dövrü ərzində uçot dərəcəsinin səviyyəsi illik inflyasiyanı üstələyib ki, bu da real faiz dərəcələrinin pozitiv zonada saxlanmasını dəstəkləməklə qiymət sabitliyinin qorumasına xidmət edən amildir”, - deyə sənəddə vurğulanıb.

Məlumata görə, cari ilin I rübündə Mərkəzi Bank tərəfindən sterilizasiya əməliyyatlarından istifadə aktivləşdirilib. Belə ki, hesabat dövründə Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 16 depozit hərracı, notların yerləşdirilməsi üzrə 12 hərrac keçirib. Sənəddə qeyd olunub ki, depozitlər əməliyyatları üzrə vəsaitlər 14 gün müddətinə cəlb edilib, notlar isə 28 gün müddətinə yerləşdirilib.

Cari ilin I rübünün sonuna depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin cəmi qalığı 706,9 mln. manat olub. Bundan depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlər 637,8 mln. manat, notların yerləşdirilməsi nəticəsində cəlb edilən vəsaitlər isə 69,1 mln. manat təşkil edib.

“Rüb ərzində keçirilən depozit hərraclarında tələb təklifi 18% (bəzi hərraclarda dəfələrlə) üstələyib ki, bu da bank sistemində izafi likvidliyin mövcud olduğunu göstərir. Sterilizasiya əməliyyatları bankların Mərkəzi Bankdakı müxbir hesab qalıqlarının cari ilin I rübündə 32,8% (293,1 mln. manat) azalmasında mühüm rol oynayıb. Bununla bankların izafi likvidliyinin manatın məzənnəsinə əlavə təzyiq yaratmasının qarşısı alınıb. Depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar izafi pul təklifinin sterilizasiyası ilə yanaşı pul bazarının inkişafı və bununla da, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşdirilməsinə, banklararası bazarın inkişaf etdirilməsinə də müsbət təsir göstərib”, - deyə sənəddə vurğulanıb.

Qeyd edək ki, açıq bazar əməliyyatları olaraq depozit əməliyyatları və notların yerləşdirilməsi faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (hazırda 12%-15%) arasında tərəddüd edən faiz dərəcələri ilə aparılır. Depozit əməliyyatları ilə vəsaitlər 14%-14,8%-lə cəlb edilib, notlar isə 12,01%-14,99%-lə yerləşdirilib.

Dövr ərzində məcburi ehtiyat norması dəyişməz saxlanılıb. Hesabat dövründə banklar tərəfindən milli valyutada cəlb edilmiş öhdəliklər, həmçinin qiymətli metallarda cəlb edilmiş öhdəliklər üzrə məcburi ehtiyat norması 0,5%, xarici valyutada cəlb edilmiş öhdəliklər üzrə 1%, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə 0% olub.

“Aparılmış monitorinqlərin nəticələrinə əsasən hesabat dövrü üzrə bütün aylarda bankların Mərkəzi Bankdakı müxbir hesablarının toplam qalıqları dövr üçün məcburi ehtiyat kimi saxlanmalı olan cəmi vəsaitlərin həcmini əhəmiyyətli üstələyib. Dövr ərzində məcburi ehtiyat normalarının ortalama mexanizmi əsasında tətbiqi davam edib. Bu isə öz növbəsində banklararası bazarın inkişafına və banklara likvidliyin daha çevik idarə edilməsinə müsbət təsir göstərən amildir”, - deyə Pul Siyasəti İcmalında vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR