Bu ilin I yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından təqribən 10 mlrd. kubmetr qaz hasil edilib ki, bu da illik müqayisədə 6,4% çoxdur.
"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin I yarısının yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövrü yataqda təqribən 1,9 mln. ton (15,1 mln. barel) kondensat hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə bərabərdir.
Məlumata əsasən, hasilat "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından aparılıb.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 70 mln. (ildə 25 mlrd. artıq) standart kubmetrdir, bud a illik müqayisədə 25% artım deməkdir.
Hesabata əsasən, ilin I rübündə "Şahdəniz" üzrə fəaliyyətlərə 1,14 mlrd. ABŞ dolları yaxın əməliyyat xərcləri və 366 mln. dollar əsaslı xərclər çəkilib. Xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aid olub.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.