11 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbul başlayıb

11 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbul başlayıb
# 01 sentyabr 2016 08:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gündən Azərbaycanda tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, 2016/2017-ci tədris ili üçün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə 1 sentyabr saat 10:00-dan 4 sentyabr saat 23:59-dək ixtisas seçimi aparılacaq. Müsabiqə cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə iyulun 5-də keçirilmiş eyni məzmunlu test imtahanının nəticələrinə əsasən aparılır. İxtisas seçiminə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2016-ci ildə ərizə təqdim etmiş və ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Qeyd edək ki, hər hansı bir təhsil müəssisəsinə qəbul olub qeydiyyatdan keçən şəxslər ixtisas seçiminə buraxılmırlar. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmır. Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını isə yalnız qabiliyyət imtahanlarından “məqbul” alan və test imtahanında topladıqları ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan abituriyentlər seçə bilərlər.

Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçmək imkanı verilir. Kolleclərin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR