Xətai rayonunda yaşayış binasında yanğınla bağlı məhkəmə prosesi davam etdirilib

Xətai rayonunda yaşayış binasında yanğınla bağlı məhkəmə prosesi davam etdirilib
# 04 oktyabr 2016 14:05 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

Gülbəniz Atayeva və Elmir Abdullayev yanğın nəticəsində mənzillərinə maddi ziyan dəydiyini lakin, ziyanın ödənildiyini qeyd ediblər.

Daha sonra şahid qismində Eldar Həsənov ifadə verib. O bildirib ki, poliuretan materiallarının hazırlanmasında qəliblərdə problem olduğu üçün Türkiyədən mütəxəssislər dəvət olunu : “Biz mayeləri materiala 50 faiz əlavə edirdik. Gələn mütəxəssis isə mayelərin verilmə faizini azaltmağı məsləhət gördü".

Məhkəmədə E.Həsənovun ibtidai istintaqa verdiyi ifadə elan olunub və hakim ifadələr arasında ziddiyyət olduğunu deyib.

"THN" şirkətində dizayner vəzifəsində çalışan Rəşad Quliyev ifadəsinə poliuretan məhsulların Çindən gətirildiyini deyib: "Əvvəl mallar Çindən gətirilirdi. Sonra Türkiyə şirkəti ilə əməkdaşlıq etdik. Mən dizayn hazırlayıb Nüsrət Muxtarova təqdim edirdim. Bundan sonra həmin işlə kim məşğul olurdusa, xəbərim yoxdur".

Dünyasını dəyişən təqsirləndirilən N.Muxtarovun vəkili İsaq Nəmiyev məhkəməyə iradını bildirib və məhkəmədə iş üzrə əsas şəxslərin dindirilmədiyini deyib.

Dövlət ittihamçısı Mübariz Mirili isə vəkilin fikrinə etiraz edib, onun əsassız danışdığını deyib.

Məhkəmə prosesi oktyabrın 11-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il aprelin 10-da Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov həbs edilib.

Xatırladaq ki, təqsirləndirilən Nüsrət Muxtarov təcridxanada dünyasını dəyişib. Məhkəmədə onun hüquqi varisi Asif Muxtarov iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR