ADA Universiteti və “Təmiz Şəhər”in təşkil etdiyi yay düşərgəsi yekunlaşıb

ADA Universiteti və “Təmiz Şəhər”in təşkil etdiyi yay düşərgəsi yekunlaşıb
# 18 iyul 2016 13:04 (UTC +04:00)

Bakı. APA-Economics. ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin məktəblilər üçün təşkil etdiyi yay düşərgəsi yekunlaşıb.

ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iki həftə ərzində 80-dən çox şagird tullantıların idarə olunması, ətraf mühitin qorunması və digər mövzularda təlimlərdə, praktik məşğələlərdə və turlarda iştirak ediblər.

ADA Universitetində təhsil müəssisəsinin və cəmiyyətin rəhbərliyindən nümayəndələrin iştirakı ilə yay düşərgəsinin yekunlarına dair tədbir keçirilib. İştirakçılar düşərgədə əldə etdikləri bilik, təcrübə və təəssüratları haqqında yekun qrup təqdimatları ediblər. Daha sonra yay düşərgəsində iştirak etmiş şagirdlərə sertifikatlar təqdim olunub.

Düşərgə 20 iyun -18 iyul tarixlərində hər birində 40-dan çox yeniyetmə olan ardıcıl 2 qrup halında təşkil olunub. Bu müddət ərzində iştirakçılar tullantılarla rəftar, ətraf mühitin qorunması, Bakıda tullantıların idarə olunması ilə bağlı təlimlərdə iştirak ediblər, "Təmiz Şəhər"in Balaxanı qəsəbəsindəki tullantıların çeşidlənməsi və tullantıların yandırılması zavodlarına baş çəkib iş prosesi ilə yerində tanış olublar. Həmçinin, yeniyetmələr üçün Qalada yerləşən "Tullantıdan sənətə" muzeyinə tur təşkil olunub. Burada iştirakçılara tullantı materiallarından istifadə edərək müxtəlif əşyaların hazırlanması öyrədilib.

Məktəblilərə, həmçinin kommunikasiya, media, fotoqrafiya, kompüter proqram təminatı kimi sahələr üzrə ölkənin ən öndə gedən mütəxəssisləri dərslər keçiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR