Rusiya ABŞ-a Suriyada atəşkəsə nəzarətlə bağlı təklifini cavablandırmaq üçün sabaha qədər vaxt verib

Rusiya ABŞ-a Suriyada atəşkəsə nəzarətlə bağlı təklifini cavablandırmaq üçün sabaha qədər vaxt verib
# 21 mart 2016 13:00 (UTC +04:00)

Bakı-APA. “Əgər yaxın vaxtda Rusiya Suriyada atəşkəs rejiminə nəzarətlə bağlı təklifinə cavab almazsa, martın 22-dən atəşkəsi pozan silahlı qruplara zərbə etdirməyə hazırdır”.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy bildirib.

S. Rudskoy deyib ki, fevralın 25-də Rusiya Müdafiə Nazirliyi ABŞ təmsilçilərinə atəşkəsə nəzarətlə bağlı ilk layihəni təqdim edib. Sənəddə Rusiya və ABŞ arasında məsləhətləşmə mexanizmi, atəşkəsi mütəmadi pozan silahlı qruplara hərbi zərbə endirilməsi qaydası əksini tapıb. Martın 5-də Rusiya tərəfi ABŞ-a Suriyada atəşkəsə nəzarət rejimi ilə bağlı saziş layihəsini təqdim edib, eyni zamanda ekspertlərin qısa müddətdə saziş layihəsini müzakirə etməsini təklif edib: “Martın 18-də Əmmanda Rusiya və ABŞ məsləhətləşmələri zamanı məlum oldu ki, Vaşinqton Moskvanın təklifini müzakirə etməyə hazır deyil. Təxribat xarakterli hərəkətlər nəticəsində Suriyada hər gün din insanlar həyatını itirir. Rusiya tərəfi bəyan edir ki, qısa müddətdə təklif edilən sənəd üzərində işi başa çatdırmağa və ABŞ nümayəndə heyətini Moskvada, yaxud tərəflər üçün istənilən məqbul yerdə qəbul etməyə hazırdır. ABŞ tərəfindən reaksiya olmadığı halda Rusiya martın 22-dən birtərəfli qaydada atəşkəs rejimini pozan silahlı qruplara zərbə endirəcək”.

Qeyd edək ki, Suriyada atəşkəs rejimi fevralın 27-dən qüvvəyə minib. Atəşkəs İŞİD və “Əl-Nusra” qruplaşmasını əhatə etmir. Atəşkəsə nəzarəti Rusiyanın Suriyadakı Hmeymim aviabazasındakı Atəşkəs üzrə Mərkəzi və Əmmandakı ABŞ Koordinasiya Mərkəzi həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR