TİKA Azərbaycanda xeyriyyəçilik fəaliyyətini davam etdirmək niyyətindədir

TİKA Azərbaycanda xeyriyyəçilik fəaliyyətini davam etdirmək niyyətindədir
# 28 iyul 2016 18:59 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Türkiyə Respublikası Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərindən olan 37 nəfərə əlil arabası təqdim olunub.

APA-nın xəbərinə görə, TİKA-nın Azərbaycandakı koordinatoru Mustafa Haşim Polat bildirib ki, Azərbaycanda indiyə kimi TİKA tərəfindən əlillərlə bağlı müxtəlif layihələr, təlim proqramları həyata keçirilib.

O əlavə edib ki, belə layihələr TİKA tərəfindən bundan sonra da uğurla davam etdiriləcək.

M. H. Polat qeyd edib ki, TİKA-nın Azərbaycanda xeyriyyəçilik fəaliyyəti davamlı və ardıcıldır.

“Biz Azərbaycanda Türkiyə dövlətinin xeyriyyəçilik missiyasını həyata keçiririk. Biz bu böyük işin məsuliyyətini çox yaxşı dərk edirik” – deyə TİKA-nın Azərbaycandakı koordinatoru qeyd edib.

Gəncliyə Yardım Fondunun Himayədarlar Şurasının sədri Əhməd Teçim bildirib ki, azərbaycanlı əlillərin sevinci sevincimiz, kədəri kədərimizdir: “Ümumiyyətlə xeyriyyəçilik türk-islam ənənələrindən qaynaqlanır. Bu gün biz Azərbaycanda əlillərlə bağlı bir sıra layihələr həyata keçiririk. Qeyd etməliyəm ki, bu layihələr davam etdiriləcək”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Adət İbrahimov Azərbaycan dövlətinin əlillərə qayğısından bəhs edib.

Qeyd olunub ki, TİKA və Gəncliyə Yardım Fondunun maliyyə dəstəyi ilə ölkə üzrə ümumilikdə 170 nəfərə əlil arabası verilib. Bunlardan 37 nəfəri Bakıdan olan şəxslərdir.

Sonda bir qrup gəncə sertifikatlar verilib və əlil arabaları sahiblərinə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR