Şəkidə III beynəlxalq şirniyyat festivalı keçirilib

Şəkidə III beynəlxalq şirniyyat festivalı keçirilib
# 20 iyul 2016 22:05 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə 3-cü Beynəlxalq şirniyat festifalı keçirilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən 3-cü Beynəlxalq şirniyyat festivalında respublikamızın 19 şəhər və rayonunun, həmçinin 8 xarici ölkənin şirniyyatçıları iştirak edib.

Şəkinin qədim tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində təşkil olunan festivalın açılış mərasimində bildirilib ki, Şəki artıq Azərbaycanın şirniyyat paytaxtıdır. Şəkinin şirniyyat ustalarının hazırladıqları məhsullar xarici bazarlara da geniş yol açıb, bu şəhərin mətbəx mədəniyyətinin tanıdılmasında mühüm rol oynayıb. Vurğulanıb ki, şirniyyat festivalı təkcə Şəkinin deyil, həmçinin Azərbaycanın zəngin mətbəx mədəniyyətinin tanıdılmasında əhəmiyyətli rol oynayacaq.

Sonra festival iştirakçıları xarici ölkələrdən, həmçinin Azərbaycanın şəhər və rayonlarından gələn qənnadıçıların əvvəlcədən hazırladıqları şirniyyat məhsulları ilə tanış olublar. Daha sonra münsiflər heyəti xarici ölkələrdən gələn şirniyyatçıların əl işlərinə qiymət verib. Belə ki, Özbəkistan şirniyyatçıları festivalın qalibi adını qazanıb. İkinci yerə İndoneziya və Hindistan, üçüncü yerə isə İran şirniyyatçıları layiq görülüblər.

Azərbaycanın şəhər və rayonları üzrə Tovuz şirniyyatçıları festivalın qalibi olub. İkinci yerə Zaqatala və Ağsu, üçüncü yerə isə Şamaxı, Kürdəmir və Yevlax şirniyyatçıları layiq görülüblər. Tədbir musiqi və rəqs kollektivlərinin rəngarəng konsert proqramları ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR