Bakı-Nyu-York-Bakı aviareysləri "Boeing 787-8 Dreamliner" ilə həyata keçiriləcək

Bakı-Nyu-York-Bakı aviareysləri "Boeing 787-8 Dreamliner" ilə həyata keçiriləcək
# 06 noyabr 2015 08:06 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Noyabrın 7-dən etibarən “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı-Nyu-York-Bakı müntəzəm reysləri “Boeing 787-8” Dreamliner tipli təyyarələrdə yerinə yetiriləcək.

AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “Boeing-787-8” Dreamliner müasir hava gəmilərindən biridir və ən son texniki yenilikləri özündə birləşdirir. Yeni texnologiyaların tətbiqi sayəsində təyyarə ən yüksək təhlükəsizlik tələblərinə cavab verir və istismar üçün sərfəlidir.

Bu reysin sərnişinlərinə 3 xidmət sinifi - Ekonom sinfi üzrə 157 yer, Biznes sinfi üzrə 35 yer və I sinif standartlarına cavab verən lüks sinfi üzrə isə 18 yer təklif olunacaq.

AZAL-ın “Boeing-787-8” Dreamliner tipli təyyarəsi artıq transatlantik test uçuşu həyata keçirib və bu xəttin istismarı üçün bütün zəruri icazələri alıb.

Bakı-Nyu-York-Bakı müntəzəm reysləri həftədə iki dəfə olmaqla bazar ertəsi və şənbə günləri yerinə yetirilir. Təyyarə Bakıdan səhər saat 6-da yola düşür və Kennedi hava Limanına yerli vaxtla saat 9:30 çatır. Əks istiqamətdə uçuşlar elə həmin günlər saat 11:30 yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR