Araşdırmaçı yazar Atilla Oralın kitabında Nuri paşayla bağlı indiyə qədər məlum olmayan faktlar əksini tapıb

Araşdırmaçı yazar Atilla Oralın kitabında Nuri paşayla bağlı indiyə qədər məlum olmayan faktlar əksini tapıb
# 22 fevral 2016 08:44 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. "Kitabımın İstanbulda çapından əvvəl bəzi hissələrinin APA-da verilməsini özüm istədim. Nuri paşa hamımız üçün Bakı fatehidir, onun Azərbaycanda çox sevildiyini bildiyimə görə, ilk dəfə kitabımda çap ediləcək fotolarını da məmnuniyyətlə APA-ya təqdim edirəm. İstanbul bələdiyyəsi ilə danışmışam, martın 2-dən əvvəl Nuri paşanın məzarının üstündə təmizlik işləri aparılacağını deyiblər. Bu işdə azərbaycanlı qardaşlarımdan da diqqət və kömək gözləyirəm. Martın 2-də Nuri paşanın xatirəsini yad etmək üçün hamını onun məzarının başına dəvət edirəm. Bu kitab üstündə illərdən bəri işləyirdim, xeyli tarixi sənəd və foto alaraq hər şeyi dəqiq şəkildə əks etdirdim. "Nuri Killigil” kitabımı yaxın gələcəkdə Azərbaycan türkcəsində də çap etdirməyi düşünürəm”.

Bunu APA-nın Türkiyə bürosuna açıqlamasında araşdırmaçı yazar, "Nuri Killigil” kitabının müəllifi Atilla Oral deyib.

A. Oral kitabından bir hissəni oxucularla bölüşüb: “Nuri paşa baş verən partlayışın tam mərkəzində idi. Ona görə bombanın partlamasının təsiriylə bədəni parçalara ayrılaraq ətrafa dağıldı. Dalbadal baş verən partlayışlardan sonra hər tərəf fabrikin daş-dəmiriylə doldu. Kimə aid olduğu məlum olmayan qol-qıçlar, kimlikləri müəyyənləşdirə bilinməyəcək dərəcədə kömürləşmiş cəsəd parçaları fabrikin həyətindəydi. İşçilərin kömürləşmiş cəsədlərinin fotoları daha sonra qəzetlərdə geniş şəkildə çap edildi. Faciənin baş verdiyi yerdə aparılan axtarışlarda Nuri paşanın bədəninin ana gövdəsini tapmaq mümkün olmadı. Sadəcə qolunun yarısı, əlləri, ayağı, bədəninin bəzi parçaları və müxtəlif əşyaları tapıla bildi. "Yeni sabah” qəzetinin müxbiri Ecvet Gurəsin Nuri paşanın fabrikinin dağıntıları arasında xəbər hazırlayırdı. Gurəsin Nuri paşanın cəsədinin parçalarının tapılmasına dair xəbərdə bu sözləri yazmışdı: "Bu arada Nuri paşanın cəsədinin bəzi parçaları tapıldı. Qolunun yarısı, əlləri, ayağı və bədənini bəzi üzvləri. Hüznlü, ancaq hərbçi kimi bir son”.

Qalıntıların olduğu yerdə tapılan cəsəd parçalarının bir hissəsi fabrikin işçiləri və ailələr tərəfindən müəyyənləşdirildi. Kimə aid olduğu bilinməyən xeyli cəsəd parçası vardı. Nuri paşanın bədən üzvləri də daxil olmaqla onların hamısı morqa aparıldı. Kimliklərin müəyyənləşdirilməsi üçün cəsəd parçaları bir neçə gün camaata göstərildi. Morqda camaata göstərilən, ancaq kimliyi müəyyənləşdirilə bilinməyən cəsəd parçaları martın 7-də 3 ayrı tabuta qoyuldu. Nuri paşanın qolunun yarısı, əlləri, ayağı və bədəninin bəzi üzvləri də kimliyi müəyyənləşdirilə bilinməyən 3 tabutdakı cəsədlərin arasında idi. Nuri paşadan başqa 3 tabutda fabrikin 15 işçisinin bədən üzvləri vardı. İstanbul millət vəkili Əli Rza Arı Türkiyə Böyük Millət Məclisindəki çıxışında "Biz bu faciənin qurbanı olan arkadaşların 12-sini 12 məzarda dəfn etdik, yerdə qalan 15-ni isə məşhur 3 məzara dəfn etdik” demişdi. Martın 7-də Bəyazit məscidində cənazə namazı qılındı. Dəfn mərasimindən sonra Ədirnəqapı şəhidlər qəbristanında hazırlanan Nuri Killigil Fabrikinin Şəhidər Xiyabanında hamısı birdən basdırıldı.

Nuri paşanın meyiti 20 gündən sonra tapılır....

Fabrik partladılanda Nuri paşanın cəsədinin (partlayışın təsiriylə) Xaliç sahilinə düşə biləcəyi təxmin edilirdi. Südlücə sahilində işçilər qayıqlarla günlərcə körfəzin dibində palçığın içinə qarmaqlar və yabalar ataraq axtarışlar apardılar. Ancaq o qədər axtarışa baxmayaraq, Nuri paşanın cəsədi tapıla bilmirdi. Nuri paşanın böyük bacısı Hasənə xanım qardaşının meyitinin axtarışına təkidlə davam edirdi. Nuri paşanın həyat yoldaşı Mislimələk xanım faciə baş verəndə Misirdəydi. Bir müddət hadisənin şokunu yaşayan Mislimələk xanım ona görə İstanbula gələ bilmirdi. Nəhayət, martın 16-da təyyarə ilə Türkiyəyə qayıtdı. Mislimələk xanım İstanbula gələn kimi səlahiyyətli şəxslərdən həyat yoldaşının meyitinin tapılmasını tələb etdi. Bunun üçün lazımi yerlərə müraciət etdi. Partlayışın baş verməsindən 20 gün keçməsinə baxmayaraq, ailəsi və yaxın adamları Nuri paşanın meyitinin axtarışı işindən vaz keçmədi. Nəhayət, martın 22-də sürpriz baş verdi. Nuri paşanın cəsədi öz-özündən suyun üstünə çıxdı. Fabrikin yaxınlığında Xalicin palçıqlı və bulanıq sularına gömülən meyit partlayışdan 20 gün sonra suyun üstünə çıxmışdı. Südlücə sahillərində axtarış aparan işçilər Nuri paşanın meyitini görüb o dəqiqə çıxardılar. Meyitin qolları və ayaqları qopmuş, başı dağılmışdı. Nuri paşadan geriyə sifətinin yarısı, boynu, beldən yuxarı gövdəsi qalmışdı.

Nəhayət, Nuri paşanın cənazə namazı qılınacaq və məzarı olacaqdı...

Nuri paşa ailəsinin üzvləri meyitin tapılması xəbərini alan kimi Südlücə sahilinə getdilər. Meyit parçası ailə üzvləri tərəfindən o dəqiqə müəyyənəşdirildi. Palçıqlı sudan çıxmış, parçalanmış vəziyyətdəki bu cəsəd Nuri paşanın idi...”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR