"Azərsu" Koreya şirkəti ilə müqavilə imzalayıb

"Azərsu" Koreya şirkəti ilə müqavilə imzalayıb
# 05 aprel 2016 12:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan hökuməti və Koreya İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi “Pirşağı Çirkab Su Təmizləyici Qurğusu” layihəsi üzrə podrat müqaviləsinin imzalanma mərasimi keçirilib.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, müqavilə “Azərsu” ilə beynəlxalq tenderin qalibi Koreyanın “Hansol” EME Co LTD şirkəti arasında imzalanıb.

İmzalanma mərasimində “Azərsu” sədri Qorxmaz Hüseynov ölkə əhalisinin keyfiyyətli və fasiləsiz içməli su, həmçinin kanalizasiya xidmətləri ilə təmin olunmasını prezident İlham Əliyevin daim diqqətdə saxladığını və bəzi layihələrin beynəlxalq maliyyə qurumları ilə birgə reallaşdırıldığını qeyd edib: “Bu sahədə Koreyanın maliyyə qurumları və şirkətləri ilə əməkdaşlıq xüsusi qeyd edilməlidir. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirdiyimiz layihə çərçivəsində qısa müddətdə Kürdəxanı qəsəbəsinin içməli su təchizatı sistemi yenidən qurulub. Növbəti qrant layihəsi çərçivəsində Beyləqan rayonunun Xocavənd qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi icra olunacaq. Pirşağı qəsəbəsinin yaxınlığında tikiləcək çirkab sutəmizləyici qurğunun tikintisi Abşeron yarımadasının kanalizasiya infrastrukturunun inkişafına töhfə verəcək”.

“Hansol” EME Co LTD şirkətinin vitse-prezidenti Hi-Jun Cho Azərbaycanda həyata keçirilən su və kanalizasiya layihələrində iştirakdan məmnunluğunu ifadə edib, layihənin qısa müddətdə və keyfiyyətlə icra edilməsi üçün bütün imkanlardan istifadə olunacağını bildirib.

“Pirşağı Çirkab Su Təmizləyici Qurğusu” layihəsi çərçivəsində sutkalıq məhsuldarlığı 40 min kubmetr olan müasir tipli bioloji tullantı təmizləyici qurğu tikiləcək. Müasir standartların tələblərinə uyğun olaraq qurğunun qapalı rejimdə layihələndirilməsi, yarana biləcək qoxunun neytrallaşdırılması üçün xüsusi biosüzgəclərdən istifadə olunması nəzərdə tutulur. Pirşağı çirkab sutəmizləyici qurğusunun tikintisi Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunmasına böyük töhfə verəcək. Yeni qurğu istismara verildikdən, ətraf qəsəbələrdə kanalizasiya infrastrukturu yaradıldıqdan sonra Abşeron yarımadasının şimal-şərq hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısı alınacaq. Gələcəkdə Pirşağı, Kürdəxanı, Məhəmmədi, Nardaran, Digah, Maştağa və digər yaşayış məntəqələrinin tullantı suları bu qurğuda təmizlənərək kənarlaşdırılacaq.

Podrat müqaviləsi üzrə tikinti-quraşdırma işlərinin 2016-cı ilin III rübündə başlanılması və 2018-ci ildə yekunlaşması planlaşdırılır. Qeyd edək ki, “Pirşağı Çirkab Su Təmizləmə Qurğusu” layihəsinin maliyyələşdirilməsi üçün Koreyanın "Exİm Bank"ı 43,5 mln. dollar kredit ayırıb və bununla bağlı kredit sazişi 2014-cü ildə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR