Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasına start verilib

Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasına start verilib
# 18 aprel 2016 15:34 (UTC +04:00)

Bakı-APA. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın açılış mərasimi keçirilib.

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, açılış mərasimində RYTN, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Qafqaz Universitetinin nümayəndələri iştirak ediblər.

17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq Olimpiadalara cəlb edilməsidir. Olimpiada iki mərhələdən ibarətdir. Bu il respublika üzrə 22 ali təhsil müəssisəsindən 55 komanda olimpiadada iştirak etmək üçün www.olimpiada.az saytı vasitəsilə qeydiyyatdan keçib.

Olimpiada beynəlxalq “ACM/ICPC” (Ali məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq olimpiada) və “IOI” (Şagirdlər arasında informatika üzrə beynəlxalq olimpiada) qaydaları üzrə www.e-olymp.com/az/ saytı vasitəsilə keçirilir. Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda olimpiadanın final mərhələsinə vəsiqə qazanır. Finalda ən yaxşı nəticə göstərən 4 komanda qalib elan ediləcək. Final mərhələsi isə aprelin 30-da keçiriləcək.

Qaliblər “HP”, “Nar” və “Caspian Telekom” şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə RYTN tərəfindən fəxri fərman və diplomla mükafatlandırılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR