İran XİN: ABŞ məhkəməsinin İranla bağlı qərarı terrorçulara təhlükəli mesajlar verir

İran XİN: ABŞ məhkəməsinin İranla bağlı qərarı terrorçulara təhlükəli mesajlar verir
# 14 mart 2016 10:20 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. “ABŞ məhkəməsinin İrana qarşı sonuncu qərarı qəddar, gülünc və mənasızdır”.

APA-nın İran Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari deyib.

O bildirib ki, müvafiq qərar ABŞ məhkəmə sisteminin sionistlərin İranfobiya ssenarisinə kor-koranə tabeçiliyinin göstəricisidir: “Bu qərar o qədər gülünc və mənasızdır ki, həm ədalət anlayışını ələ salır, həm də ABŞ məhkəmə sisteminin etibarını daha da korlayır. Bu cür qərarların çıxarılması terrorçular və onları dəstəkləyənlərə təhlükəli mesajlar verir. Onlara mesaj verilir ki, ABŞ və dünya xalqlarını öldürün, kimsə sizə toxunmayacaq. Sizin cinayətlərinizin əvəzində ən güclü və təsirli düşmənlərinizi hədəf seçəcəyik”.

H. Ənsari qeyd edib ki, İran bu cür qərarların qəbulunda ABŞ hökumətinin məhkəmə sistemi ilə əlbir olduğunu düşünür: “Təəssüf ki, Ağ ev illərdir məntiqsiz, səhv və əxlaqsız yanaşma ilə İranın adını terrorizmi dəstəkləyənlər siyahısına salıb. Bu addımın özü ABŞ-ın bəzi məhkəmələri tərəfindən siyasi hökmlərin çıxarılmasına və ədalətsiz qərarların verilməsinə zəmin yaradır. Məntiq və insafla baxsaq görərik ki, əslində ABŞ xalqı, xüsusi ilə 11 sentyabr qurbanları və onların yaxınlarının hüquqları yanlış məhkəmə qərarları ilə tapdalanır”.

Xatırladaq ki, martın 10-da Nyu-York məhkəməsi İranın 11 sentyabr terror aktları zamanı ölənlərin ailələrinə və sığorta şirkətlərinə 10,5 milyard dollar təzminat ödəməsi haqqında qərar qəbul edib. Bu məbləğin 7,5 milyard dolları Ümumdünya Ticarət Mərkəzinin əkiz binalarında və Pentaqon binasında ölənlərin ailəsinə verilməlidir. 2001-ci ilin 11 sentyabr tarixində baş vermiş terror aktları ilə əlaqədar sığorta ödənişləri edən sığorta şirkətlərinə isə 3 milyard dollar ödənilməlidir.

Nyu-York dairə məhkəməsinin hakimi Corc Deniels bildirib ki, İran Nyu-York, Vaşinqton və Pensilvaniya ştatında terror aktları törətmiş 19 terrorçuya yardım göstərilməsinə dair ittihamları təkzib edə bilməyib. Buna görə də İran terror aktlarının vurduğu ziyana görə məsuliyyət daşımalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR